Rafiq Hüseynov: “Bu, atamın qələbəsidir”
“Çox sevinirəm ki, nəhayət, Olimpiya medalını qazandım. Çoxdankı arzum idi. Bilirsiniz ki, bütün yarışlardan medallarım var idi. Hər dəfə bir şey olurdu, iştirak edə bilmirdim. Şadam ki, bu dəfə lisenziya qazandım və olimpiadada iştirak edib, medal qazandım”.

Bunu Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Tokioda bürünc medal qazanması barədə danışarkən deyib.

Ermənistan təmsilçisi Karapet Çalyana qalib gələn Azərbaycan idmançısı rəqiblərinə fərq qoymadığını bildirib: “Əslində, düzgün yanaşma deyil. Erməniyə qalib gələndə qəhrəman olursan. Belə çıxır ki, uduzanda gərək xalq düşməni olasan. Əsas odur ki, medal qazandım. Mənim üçün bundan böyük qələbə yoxdur. Bu, atamın qələbəsidir”.

Olimpiadadakı çıxışında ilk görüşünün ağır keçdiyini söyləyən idmançımız, bürünc medalın "qızıl"ın yerini vermədiyini də vurğulayıb: "Bildiyiniz kimi, ilk görüşdə son dünya ikincisi isveçli Aleks Kessidislə qarşılaşdım. Olimpiya oyunlarının qaydalarına əsasən, 1/8 finaldan sonra 1/4 final görüşü başlayır. Döşəkdən çıxdım, 3 qarşılaşmadan sonra yenə qayıtdım. İkinci rəqibim də zəif deyildi. Bərpa oluna bilmədim. Onun ilk görüşü yüngül idi. Tunisli idmançı ilə qarşılaşmış, vaxtından əvvəl qələbə qazanmışdı. Ona görə dünənki görüşlərim istədiyim kimi alınmadı. Bu gün səhvimi düzəltməyə çalışdım.

Amma əsas komandaya medal qazandırmaqdır. Bilirsiniz ki, güləşçilərdən çox şey gözləyirlər. Xalqımızın dediyi kimi, ağır artilleriyamız, xüsusi təyinatlılarımızın görüşləri hələ qarşıdadır".

Xəbər 271 dəfə oxundu.