Tokio Olimpiadasında tennis yarışları yekunlaşıb
Tokio Olimpiadasında tennis yarışları yekunlaşıb. Həm kişilər, həm də qadınların turnirində favoritlər ümidləri doğrultmayıb. Yaponiyalı Naomi Osaka mübarizəni səkkizdəbir finalda dayandırmışdısa, kişilərin mübarizəsində Novak Cokoviçin yarımfinalda məğlubiyyəti mərhələnin gözlənilməz nəticəsi olub.

Qadınların yarışında finalında isveçrəli tennisçi Belinda Bençiç çexiyalı Marketa Vondrouşovanı məğlub edib. İlk setdə Bençiç rəqibindən 7:5 hesabı ilə üstün olsa da, növbəti hissədə Vondrouşova vəziyyəti xeyrinə dəyişib – 6:2. Həlledici setdə Bençiç yenidən təşəbbüsü ələ alıb. O, 6:3 hesabı ilə qalib gələrək Olimpiadanın qızıl medalını qazanıb. Bu, İsveçrənin Olimpiadaların tennis yarışında qazandığı ümumilikdə 5-ci medaldır. Bu mükafatların 3-ü qızıldır. Bunadək “Barselona-1992”də fərdi yarışda Mark Rosse, “Pekin-2008”də isə Rocer Federer və Sten Vavrinka cütlüklərin yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Tokioda kişilərin yarışında isə Aleksandr Zverev çempionluq sevinci yaşayıb. Almaniyalı tennisçi həlledici görüşdə rəqibi Karen Xaçanovu (Rusiya Olimpiya Komitəsi) hər iki setdə məğlub edib - 6:3, 6:1. A.Zverev Şteffi Qraff, Boris Bekker və Mixail Ştixxdən sonra Olimpiadada qızıl medal qazanan dördüncü almaniyalı tennisçi kimi tarixə düşüb.

Tokioya böyük ümidlərlə gələn ATP reytinqinin lideri Novak Cokoviç üçüncü yer uğrunda görüşdə ispaniyalı Pablo Karrenyo Bustaya məğlub olub.

Xəbər 326 dəfə oxundu.