Tomas Bax: Oyunların translyasiyasının reytinqi Yaponiya sakinlərinin Olimpiadanı alqışladığını təsdiq edir
Yaponiya sakinlərinin Tokio Olimpiadasına münasibəti bu ölkənin yığmasının iştirakı fonunda xeyli yaxşılaşıb.

Bu fikri Kyodo agentliyinə müsahibəsində Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax səsləndirib.

“Oyunların translyasiyasının reytinqi Yaponiya sakinlərinin Olimpiadanı alqışladığını təsdiq edir”, - deyə BOK prezidenti bildirib. T.Bax, həmçinin qeyd edib ki, koronavirusa qarşı mübarizə ilə əlaqədar görülən tədbirlər və beynəlxalq səviyyədə peyvəndləmənin aparılması fonunda Oyunların təşkilindən tam razıdır.

T.Bax fikrini davam etdirərək deyib: “Yaponiya əhalisinin təqribən 90 faizi Olimpiya Oyunlarına qoşulub. Bu rəqəmlər və bu reytinq, mənim fikrimcə, özü haqqında, yapon xalqının hissləri barədə hər şeyi ifadə edir”.

Xatırladaq ki, Kyodo agentliyinin iyulun 18-də keçirdiyi sosial sorğu Yaponiya sakinlərinin 87 faizinin Tokioda Olimpiadanın təşkilinin koronavirusun daha da yayılmasına səbəb olacağı barədə narahatlıq bildirdiyini göstərmişdi. Həmçinin iyulun 31-də ölkədə maksimum sayda - 10 min 743 nəfərin virusa yoluxduğu məlum olub. Eyni zamanda, Tokioda da sutkalıq yoluxma sayı durmadan artıb. Cümə günü paytaxtda 3300 yoluxma halı qeydə alınıb.

Buna baxmayaraq, “Video Research Ltd.” reytinq agentliyinin məlumatına görə, Oyunların bir həftə əvvəl baş tutan açılış mərasimini tamaşaçıların 56,4 faizi izləyib. Yaponiya yığmasının ilk dəfə Olimpiya Oyunlarında daha çox sayda qızıl medal qazanması tamaşaçıların əhval-ruhiyyəsini tamamilə dəyişib.

T.Bax deyib ki, Tokio Olimpiya Oyunları COVID-19-un əmələ gətirdiyi qarışıqlıqdan sonra əsl ümid rəmzinə çevrilib: “İndi ilk dəfədir ki, bütün dünya bayramı birlikdə qeyd edir. Pandemiya, siyasi qarşıdurma, təcavüz, ərazilərin yenidən bölünməsinin davam etdiyi bu kövrək dünyada Oyunlar ümidə, həmrəyliyə və sülhə çağırış kimi səslənir”.

Xəbər 328 dəfə oxundu.