“Keşlə” klubu UEFA Konfrans Liqasında mübarizəsini dayandırıb
Azərbaycan təmsilçisi “Keşlə” klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.

keşləlilər doğma azarkeşlər önündə Rusiyanın "Soçi" komandasını qəbul edib. "ASK Arena" stadionunda baş tutan görüş qonaqların 4:2 hesabı ilə qələbəsi ilə başa çatıb.

Oyunun 21-ci dəqiqəsində rəqibin heyətində Marko Duqandziç hesabı açıb. Matçın 35-ci dəqiqəsində "Keşlə"nin braziliyalı legioneri Felipe Santos bərabərlik qolunu vurub. Bundan 3 dəqiqə sonra Nikita Burmistrov "Soçi"ni yenidən önə keçirib. İlk hissə bu hesabla yekunlaşıb.

Oyunun ikinci hissəsinin əvvəlində paytaxt təmsilçisi hesabı bərabərləşdirməyə müvəffəq olub. Qarşılaşmanın 52-ci dəqiqəsində Rəhman Hacıyev topu rəqib qapısından keçirib. Danila Proxin 70-ci dəqiqədə meydan sahiblərini növbəti dəfə mərkəzə dəvət edib. Duqandziç 82-ci dəqiqədə özünün ikinci, komandasının isə 4-cü qoluna imza atıb. Rusiyadakı matçda rəqibinə 0:3 hesabı ilə uduzan "Keşlə" Konfrans Liqasında mübarizəsini dayandırıb.

Xəbər 342 dəfə oxundu.