Azərbaycanda IV Robot Olimpiadasının finalı keçirilib
Gənclər və İdman Nazirliyinin və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının və Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanda IV Robot Olimpiadasının finalı keçirilib.

Paytaxt və regionlardan orta və ali təhsil müəssisələrindən 92 komandanın mübarizəyə qoşulduğu yarış üç gün davam edib. Dörd kateqoriya üzrə keçirilən yarışda avtonom qiymətləndirmə sistemi üzrə ilk beşlikdə qərarlaşan komandalar dəyərləndirilib və sonra qaliblər müəyyənləşib.

Qaliblər noyabrın 18-21-də Kanadada təşkil ediləcək Dünya Robot Olimpiadasında ölkəmizi təmsil etmək hüququ qazanıblar.

Dünyanın ən böyük robototexnika yarışı olan Dünya Robot Olimpiadası 2004-cü ildən etibarən hər il müxtəlif mövzular üzrə fərqli ölkələrdə keçirilir. İlk dəfə Sinqapurda keçirilmiş bu Olimpiadaya 12 ölkə qatılsa da, iştirakçıların sayı artıq 80-i keçib.

Azərbaycan 2017-ci ildən Dünya Robot Olimpiadasının həqiqi üzvlüyünə qəbul edilib.

Xəbər 335 dəfə oxundu.