“Saburtalo”-“Sabah” oyunu heç-heçə yekunlaşıb
İyulun 15-dən Tbilisidə təlim-məşq toplanışında olan “Sabah” futbol klubu toplanış çərçivəsində sonuncu oyununu keçirib.

Komandamız “Zestafoni” təlim-məşq bazasının stadionunda yerli “Saburtalo” klubu ilə qarşılaşıb.

Güclü yağışın müşayiəti ilə keçirilən matçda hesabı meydan sahibləri açıblar. Akaki Şulaya görüşün 41-ci dəqiqəsində penaltidən fərqlənərək komandasını hesabda önə keçirib. Oyunun 68-ci dəqiqəsində komandamız da 11 metrlik cərimə zərbəsi qazansa da, Coy-Lens Mikelsin zərbəsindən sonra top qapı tirinə dəyərək çölə çıxıb. Matçda 74-cü dəqiqədə isə gənc futbolçumuz Veysəl Rzayev Mixeil Erqemlidzenin ötürməsindən sonra matçda bərabərliyi təmin edən qola imza atıb. Görüş elə bu hesabla da başa çatıb. Qalib oyunsonrası penaltilər seriyasında müəyyənləşib. Penaltilər seriyasını dəqiq yerinə yetirən “Saburtalo” 4:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, “Sabah” Tbilisi toplanışı çərçivəsində daha əvvəl “Şukura” (1:0), “Samqurali” (0:1) və “Telavi” (1:3) klubları ilə qarşılaşıb.

Xəbər 355 dəfə oxundu.