Azərbaycan çempionu braziliyalı legionerlərlə güclənib
UEFA Çempionlar Liqasının ilkin mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” klubu heyətinə iki braziliyalı legioner cəlb edib.

Azsport.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, 28 yaşlı Conatas Felipe və 24 yaşlı Emanoel Rodrigeslə mövsümün sonunadək müqavilə bağlanılıb.

Felipe Braziliyanın “Pato” klubundan transfer olunub. Rodriges isə həmyerlisindən fərqli olaraq, Avropada legioner həyatı yaşamağı bacarıb. O, Qazaxıstanın “Atırau” klubunda çıxış edib.

Bununla da "Araz-Naxçıvan"ın heyətindəki braziliyalı futzalçıların sayı 3-ə çatıb. Onlara qədər Murilo Borges baş məşqçi Joze Alesio Da Silvanın sərəncamında idi.

Qeyd edək ki, “Araz-Naxçıvan” Çempionlar Liqasının ilkin mərhələsində avqustun 21-də “Europa”, ertəsi gün “Kampuksen Dinamo”, avqustun 24-də isə “Raba” klubu ilə qarşılaşacaq. Oyunlar Latviyada təşkil olunacaq.

Xəbər 360 dəfə oxundu.