UEFA Çempionlar Liqası: Bu gün “Neftçi” klubu “Olimpiakos”u qəbul edəcək
Bakının “Neftçi” futbol klubu bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

Bakı təmsilçisi turnirin ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Yunanıstanın “Olimpiakos” komandasını qəbul edəcək.

“Bakcell Arena”da saat 21:00-da start götürəcək matçı ispaniyalı baş hakim Rikardo de Burqos idarə edəcək.

Hər iki komanda oyuna ciddi itkilərlə çıxacaq. Flaqmanın heyətində ilk görüşdə ağır zədə almış Namik Ələskərov və qırmızı vərəqə alan Mert Çelik oynaya bilməyəcəklər. Pirey təmsilçisində isə 8 itki var. Andreas Buxalakis, Oleq Ryabçuk, Sokratis Papastatopulos, Tanasis Andrutsos, Məhəmməd Kamara, Tikinyo, Yan M Vila və Eqmundur Kristinsson matçı buraxacaqlar. Onlardan M.Kamara cəza, digərləri isə zədə səbəbindən Azərbaycan paytaxtına gətirilməyib.

Qeyd edək ki, ilk görüşdə “Neftçi” rəqibinə 0:1 hesabı ilə uduzub. Bu cütün qalibi növbəti mərhələdə “Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan) oyununun güclüsü ilə üz-üzə gələcək. Uduzan tərəf isə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində HİK (Finlandiya) ilə qarşılaşacaq.

Xəbər 361 dəfə oxundu.