İki cüdoçumuz Avropa kuboku yarışının finalına vəsiqə qazanıb
Praqada keçirilən gənc cüdoçular arasında Avropa kuboku uğrunda turnir davam edir.

Turnirdə iki idmançımız - Qasım Vəlizadə və Rəşad Quluzadə finala vəsiqə qazanıblar.

Qasım Vəlizadə (60 kq) 1/32 finalda Sloveniya təmsilçisi Luka Densanı məğlub edib. Növbəti mərhələdə çexiyalı Voyteç Kubalaya qalib gələn cüdoçumuz səkkizdəbir finalda macarıstanlı Bense Farkasa qalib gəlib. Dörddəbir finalda erməni Yervand Nersesyanı məğlubiyyətə uğradan Q.Vəlizadə yarımfinalda Marton Andrasini üstələyərək finala vəsiqə qazanıb. İdmançımız finalda gürcü Giorgi Sardalaşvili ilə qarşılaşacaq.

Turnirdə 66 kiloqram çəki dərəcəsində çıxış edən Rəşad Quluzadə yarımfinala gedən yolda macarıstanlı Balint Qompası, qazaxıstanlı Dinmuxanbet Şamenovu, Almaniya təmsilçisi Levi Maerkti və qazaxıstanlı Marlen Adil məğlub edib. R.Quluzadə finalda Niderland təmsilçisi Dilyan Van Der Kolk ilə görüşəcək.

Yarışda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan digər cüdoçumuz Cavid Piriyev onaltıdabir final mərhələsində italiyalı Rokko Terranovana qalib gəlib. Səkkizdəbir finalda Ermənistan təmsilçisi Yuri İsraelyan ilə üz-üzə gələn cüdoçumuz rəqibinə ipponla qalib gələrək dörddəbir finala vəsiqə qazanıb. Bu mərhələdə gürcü Giorgi Sardalaşviliyə uduzan idmançımız təsəlliverici görüşdə də ukraynalı Mikita Holoborodkoya məğlub olub.

Qadın idmançılarımızdan isə Nərmin Əmirli (+78 kq) ilk görüşdə rumıniyalı Corcina Milerə məğlub olub. O, təsəlliverici görüşdə çexiyalı Marketa Cerçlova ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan turnirə 11 cüdoçu ilə qatılıb. Oğlanların yarışında ölkəmizi Cavid Piriyev, Qasım Vəlizadə (60 kq), Rəşad Quluzadə (66 kq), Murad Bəşirov (73 kq), İbrahim Ağakişiyev (81 kq), Ruslan Səfxanov (90 kq) və Yaqub İsmayılzadə (+100 kq) təmsil edirlər. Qadın cüdoçularımızdan isə yarışda Gülşən Bəşirova, Könül Əliyeva (48 kq), Səbinə Əliyeva (52 kq) və Nərmin Əmirli (+78 kq) mübarizə aparırlar.

Turnirə iyulun 18-də yekun vurulacaq.

Xəbər 353 dəfə oxundu.