Azərbaycanın iki cüdoçusu Avropa kuboku uğrunda turnirin yarımfinalına vəsiqə qazanıb
Praqada keçirilən gənc cüdoçular arasında Avropa kuboku uğrunda turnir davam edir.

Turnirdə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Qasım Vəlizadə 1/32 finalda Sloveniya təmsilçisi Luka Densanı məğlub edib. Növbəti mərhələdə çexiyalı Voyteç Kubalaya qalib gələn cüdoçumuz səkkizdəbir finalda macarıstanlı Bense Farkasa qalib gəlib. Dörddəbir finalda erməni Yervand Nersesyanı məğlubiyyətə uğradan Q.Vəlizadə yarımfinalda Marton Andrasi (Macarıstan) ilə qarşılaşacaq.

Turnirdə 66 kiloqram çəki dərəcəsində çıxış edən Rəşad Quluzadə də yarımfinala vəsiqə qazanıb. O, yarımfinala gedən yolda macarıstanlı Balint Qompası, qazaxıstanlı Dinmuxanbet Şamenovu və Almaniya təmsilçisi Levi Maerkti məğlub edib. R.Quluzadə yarımfinalda qazaxıstanlı Marlen Adillə görüşəcək.

Yarışda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan digər cüdoçumuz Cavid Piriyev onaltıdabir final mərhələsində italiyalı Rokko Terranovana qalib gəlib. Səkkizdəbir finalda Ermənistan təmsilçisi Yuri İsraelyan ilə üz-üzə gələn cüdoçumuz rəqibinə ipponla qalib gələrək dörddəbir finala vəsiqə qazanıb. Bu mərhələdə gürcü Giorgi Sardalaşviliyə uduzan idmançımız təsəlliverici görüşdə bürünc medal uğrunda mubarizə aparacaq.

Qadın idmançılarımızdan isə 78 kiloqramdan artıq çəki dərəcəsində çıxış edən Nərmin Əmirli ilk görüşdə rumıniyalı Corcina Milerə məğlub olub. Qadın təmsilçimiz təsəlliverici görüşdə çexiyalı Marketa Cerçlova ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan turnirə 11 cüdoçu ilə qatılıb. Oğlanların yarışında ölkəmizi Cavid Piriyev, Qasım Vəlizadə (60 kq), Rəşad Quluzadə (66 kq), Murad Bəşirov (73 kq), İbrahim Ağakişiyev (81 kq), Ruslan Səfxanov (90 kq) və Yaqub İsmayılzadə (+100 kq) təmsil edirlər. Qadın cüdoçularımızdan isə yarışda Gülşən Bəşirova, Könül Əliyeva (48 kq), Səbinə Əliyeva (52 kq) və Nərmin Əmirli (+78 kq) mübarizə aparırlar.

Turnirə iyulun 18-də yekun vurulacaq.

Xəbər 380 dəfə oxundu.