Paralimpiyaçılarımız Gürcüstanda beynəlxalq təlim-məşq toplanışında iştirak edəcəklər
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) pauerliftinq üzrə milli komandasının üzvləri baş məşqçi İlqar İbişovun rəhbərliyi altında Bakurianidə keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak etmək üçün Gürcüstana yola düşüblər.

Təlim-məşq toplanışı “Tokio-2020” Yay Paralimpiya Oyunlarına hazırlıq məqsədi daşıyır.

Paralimpiadanın pauerliftinq yarışlarında ölkəmizi 4 idmançı - Pərvin Məmmədov (49 kq), Nurlan Babacanov (97 kq), Elşən Hüseynov (107 kq) və Şamo Aslanov (107 kq-dan yuxarı) təmsil edəcəklər.

Hazırlıq prosesi avqustun 4-dək davam edəcək.

Azərbaycan milli Paralimpiya komandası “Tokio-2020”yə bu günədək 6 idman növündən 34 lisenziya qazanıb. Bunlardan 11-i cüdo, 10-u atletika, 4-ü parataekvando, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündədir. Azərbaycan Paralimpiya tarixində bu rekord göstəricidir.

Təlim-məşq toplanışı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə həyata keçirilir.

Xəbər 394 dəfə oxundu.