İrina Merleni: "Stadnik mənimlə yarımfinal döyüşündə qələbəyə layiq idi"
"Etiraf edirəm, Stadnik mənimlə yarımfinal döyüşündə qələbəyə layiq idi. Eyni sözləri amerikalı Klariss Çunla bürünc medal uğrunda mübarizəm haqda da deyə bilərəm”. Bu fikirləri London Olimpiadasında 5-ci yeri tutan ukraynalı güləşçi İrina Merleni deyib.

48 kq-da çıxış edən Merleni yarımfinalda Mariya Standikə böyük fərqlə uduzaraq, sonradan bürünc medalçı olmaq şansını da əldən verdi. Hərçənd, həmyerlisi Stadnik kimi Pekin Olimpiadasında 3-cü olmuşdu: “Mən məğlub olduğum son döyüşlərə görə üzülmürəm. Səhv buraxanda, yaxud bacardığını edə bilməyəndə üzülmək lazımdır. Mənim isə demək olar şansım yox idi ki, bu da görünürdü. Mariyanı finalda məğlub edən yaponiyalı Hitomi Obara ilə döyüşə daha çox köklənmişdim. O, mənim kumirimdir. İdealım olub və bundan sonra da olacaq. Obaranın finalda qələbəsini və Olimpiya çempionluğunu layiqli sayıram”.

30 yaşlı Merleni isə karyerasını başa çatdığını elan edib: “Bu, karyeramda sonuncu yarış oldu. İdmandan təmiz vicdanla gedirəm, heç nəyə görə təəssüflənmirəm. Nə bacardım, onu etdim. Məni heç nədə qınamaq olmaz. Pekindən sonra 3 il 4 ay döyüşmədim. İdmana qayıtmaq ağır qərar idi, ancaq mən şansımı istifadə etmək istəyirdim. İndi 3-cü, hətta 4-cü uşağı dünyaya gətirmək istəyirəm. Əlbəttə, ikiqat Olimpiya çempionu olmaq, titulla getmək istərdim. Ancaq nəyə layiq idimsə, onu qazandım. Qəlbimdə istənilən halda çempionam”.

Qeyd edək ki, Merleni qadın güləşində ilk Olimpiya çempionu kimi tarixə düşüb. O, 48 kq-da Ukrayna yığmasının lideri sayıldığından, Stadnik oradan kənarda qalmalı olub.

Xəbər 972 dəfə oxundu.