53 ildən sonra İtaliya yenə zirvədə
Dünya və idman naminə tarixin ən rəmzi qələbəsi

Avropaya böyük futbol qayıdır - özü də, mübaliğəsiz deyərdim ki, böyük və tarixi missiyası ilə qayıdır. Nəhayət, son ilyarımın bəşəriyyəti lərzəyə salan COVID-19 adlı pandemiyasının təhlükəsi qalsa da, insan və onun əsas idealları sayəsində bu gözəgörünməz bəla prinsipial psixoloji zərbəsini alıb.

Hələ o da rəmzi sayıla bilər ki, qitənin yubiley çempionatını bir il təxirə salsa da, onun adını və imicini dəyişə bilməyən, sərhədləri bağlasa, insanları evlərinə qapasa belə, pandemiyanın hədə-qorxulu və xoflu şərtlərinə rəğmən, çempionat qitənin şimalından cənubuna, şərqindən qərbinə qədər 11 ölkənin 11 şəhərinin 11 arenasına səpələnərək bu tarixi missiyanı şərəflə başa vurdu.

Həm də son illərdə maliyyənin avazının təsiri altında böyük biznes infrastrukturuna çevrilməkdə olan və cazibəsini pul dalınca qaçaraq itirməkdə olan idman, ilk növbədə və xüsusən şah əsəri futbol sayəsində qorxu və xofa qalib gəlməyin yolunu göstərir. Ötən il milli çempionatlar, qitələrin klub, millilərin seçmə yarışları ilə asta-asta məhdudiyyətlərə, məhrumiyyətlərə son qoyan idman cazibəsilə planeti özünə qaytarmağa başladı.

Bu qayıdışın zirvəsi bir yanda Avropanın, o biri yanda Cənubi Amerikanın yaşıl meydanlardakı mübarizə ilə dünyanı ayağa qaldıran qitə çempionatlarıdır. Xüsusən "Əski dünya"da futbol tamaşasını azarkeşsiz qoymayan UEFA, zənnimcə, daha bir vacib və məsul qərarının da təntənəsini qeyd edə bilər. Minimal sayda olsa da, coşan tribunalar, teleekranlar qarşısında olan dünyaya da həzzin dadını qaytardı.
Elə qitə çempionatının da yekununu rəmzi qiymətləndirmək olar. Finalda qarşılaşan iki Avropa nəhəngi, sadəcə, meydan tamaşası deyil, həm də tarixi, futbol ənənələri, dəst-xətti və dəyişən həqiqətləri ilə bu rəmziliyə həyat və nəfəs verdi, onu canlandırdı. Yorğunluğundan, doymuş buxar təəssüratından qurtula bilsəydi, daha mütəhərrik futbol nümayiş etdirən İspaniyanı, habelə "əbədi maşın" timsalı ilə fərqli formada özünü gəstərə bilsəydi, Almaniyanı, yaxud əsl "xoruzquyruğu", yaxud "xoruz pipiyi" eksklüzivliyi ilə coşan, amma yeknəsəq Fransanı da qitə çempionatının finalında görə bilərdik və bununla ab-hava, fərqli sözlərin şərhi ilə olsa da, kulminasiya məqamına çatacaqdı. Əlbəttə, yarımfinala qədər addımlayan "Qırmızı sap"ı ilə dünyaya inkişaf nümunəsi, dinamizmin dirçəliş yolunu göstərən Danimarka da final ovqatını korlamayacaqdı. Hələ, üstəlik, bu komanda 1992-ci il Danimarkasının timsalında möcüzələrə qadir olduğunu, liderli-lidersiz dəst-xətt və xarakter nümayiş etdirə biləcəyini göstərir. Bütün qeydlərimizlə yanaşı, İtaliya - İngiltərə finalı, zənnimcə, məntiqi zəncirlə ən ədalətli və yozumu olan finaldır.
Hər iki komandanın dünya futboluna bəzən arxaik görünən, simpatik olmayan apatik ənənələr, tarixi tərsliklər nümunələrini çox sadalaya bilərik. Lakin bu çempionatda hər iki komanda özünəməxsus dəyişikliklərlə yeni bir "Zəfər tağı"ndan keçməyə layiq olduğunu göstərdi. İtaliya lidersiz oynamaqla yanaşı, öz kattenççosunun təsirindən silkinən, bunun əvəzində komanda oyunu ilə parlaya biləcəyini sübut etdi. Baş məşqçisinin gətirdiyi tərzlə bahəm oyunçu seçimi buna haqq qazandırır. Bu futbolçuları bir araya gətirib, hər mövqedə tərz olan komanda toplamaq da böyük zəhmətin məhsuludur. Ən vacibi, bu heyətin üstünlüyü 17 futbolçunun yuxarı divizionlardan aşağılara, adlı-sanlı komandalardan lokal vəzifələri həll edənlərə üz tutub yenidən yüksəlməsidir. Belə oyunçular eniş-yoxuşlardan, necə deyərlər, dərələrdən-təpələrdən yel kimi keçərək, əsl mübarizənin od-alovundan çıxıblar. Buna görə rəqibi layiqincə qiymətləndirməyin və baş məşqçinin planlarına əməl etməyin nə olduğunu bilirlər.

İngiltərə xarizmatizmini itirmiş, lakin futbol banisi kimi imicini daim qoruyaraq, simasını dəyişmək gücünə də sahib çıxıb. Əsl ingilis xarakteri ilə bu ölkənin futbolçuları da iki fərqli nəslin təmsilçiləri ilə vahid ideya ətrafında birləşmək gücünü göstərib, finala yetişməyi haqq edib. Əlbəttə, qitə çempionatının həlledici görüşlərinin Londonda keçirilməsi, hətta Danimarka ilə oyundakı vurulmayan, lakin qapıçının qaytardığı topu tora qovuşduraraq qələbə sevinci yaşayan Harri Keynin ifasındakı penalti epizodunda qapıçının gözlərinin xoşagəlməz lazerlə şüalandırılması, azarkeşlərin dəb-ərkan qaydasına sığışmayan küçə özbaşınalıqları belə İngiltərə millisinin final haqqını mübahisə mövzusuna çevirə bilməz.
Danimarkaya haradasa təcrübə və ya inamsızlıq mane oldusa, ingilislərə həm də qeyri-ingilissayağı özünəinam, həm də həvəs və istək dəstək oldu. Bəlkə də futbol banilərinin tarixində çatışmayan bu kubok üçün Sautgeytin gətirdiyi yeniliklərin əzmlə iradəsinin ənənəvi təkəbbürdən fərqini anlayan və ulduzluq dərəcəsində miqyasının, parlaqlıq göstəricisinin yuxarı olmaması təsirini göstərdi. Düşünməyin ki, meydanda məzmunsuz, iradəsiz, tamaşasız, yorucu, elə yalnız geriyə ötürmələrlə göz oxşamayan özünəbənzəməz ingilis komandasında praqmatizm qalib gəlib. Əksinə, İngiltərə 2012-ci ildəndir istifadəyə verdiyi futbol evi - milli akademiyası ilə bu yola çıxıb. Onun müəlliflərindən biri kimi, Sautgeyt illərdir bu komandanın fəlsəfəsinin müəlliflərindəndir. Axı, tarix boyu futbolu yaradıb cəmi bir dəfə final görən, hələ üstəlik, 55 ildir keçirdiyi 26 turnirdə finala belə həsrət qalan komanda, bu az imiş kimi, 2000-ci illərin ulduz heyətilə də uğursuz qalanda, indiki vəziyyətə haqq qazandırmaq olar. Təsəvvür edin ki, bütün yarışlara favoritlərdən biri kimi başlayıb, həmişə də "onsuz da qalib gələ bilməyəcəksən" qorxusu ilə yaşayasan. Bəli, nəhayət bu ənənəyə son qoyulur.

Hər iki komanda haqqında sözlərimizi cəm etsək, COVID-19 pandemiyasına qarşı mübarizədə lap əvvəldə apardığımız bənzətməli müqayisədəki kimi, "bir olaq, qalib olaq" şüarına sahib çıxa bilən, habelə kommunikativ və inforamtiv texnoliji imkanlı modern insan obrazı üçün lazım olan keyfiyyətlərə nail olan komandaların finala adlamasını bir rəmz adlandıraq və yolumuza buradan çıxaq.

Erkən qol da sanki meydan mübarizəsini müəyyən etdi. Sonrakı dəqiqələrdə ənənələrin taktiki mübarizə fonunda italyansayağı basqılar, ingilissayağı həmlələr, qol buraxdıqdan sonra qəribə çaşqınlıq, nəhayət, bir hücumla bərpa edilən oyun tarazlığı tribunaları, eləcə də ekran qarşısında olanları da həyəcan içində saxladı. Sürət həddi, texniki ifa, əldə olunan imkanlar hər biri futbol tamaşasına bəzək oldu.
Əlbəttə, final üçün kifayət qədər tarixi və statistik idman qəzəbi nümunəsi düşünə bilərik. Bu görüşə qədər cəmi bir qol buraxmış, özü də hesabda geri düşərək əlavə vaxta nail olub qələbə qazanan İngiltərənin titulsuzluğunu dediksə, 33 oyun məğlubiyyətsiz irəliləyən italiyalıların da hirsini boğmamağa əsasını qeyd edək: 2000 və 2012-ci illərdə finalda qələbənin əldən verilməsi bir yana, komandanın yeganə uğurunun az qala yarım əsrdən çox - 1968-ci ilə gedib çıxan tarixçəsi var.
Bir sözlə, həvəsdir bəsdir, coşğu da italiyalılara bəs etmədi. Əldən verilən şans, get-gedə sərtləşən xarakter sözünü dedi. Bütün bunlar anlaşılandır, tarixi məsuliyyət var. Nəhayət, belə bir finalın yekununda heç kim uduzmadı, amma çempion da bəlli oldu - penalti bəxtəbəxtində - əsəblərin həqiqətən gərildiyi məsuliyyət döyüşündə İtaliya 53 ildən sonra bir daha qitə çempionluğu zirvəsinə yüksəldi. Həm də tarixin daha bir tilsimini qıraraq: ilk dəfə bir komanda Avropa çempionatında dalbadal iki dəfə penaltilər seriyasında qalib gəlir. Hələ onu da demək lazımdır ki, 1976-cı ildən bu yana, yəni 45 ildən sonra (Çexoslovakiya - AFR 2:2, 5:3) qalib yenə penaltilər seriyasında müəyyən edildi.

Hələ bir tarixi də əlavə edək. 1968-ci ildə İtaliya birbaşa çempion ola bilməmişdi. Komanda birinci oyunda Yuqoslaviya ilə budəfəki kimi 1:1 hesabı ilə heç-heçə oynamışdı. O vaxtın futbol qaydalarına görə təkrar oyun keçirilmişdi və bu dəfə məşhur "Olimpiko" ev sahiblərinin üzünə gülmüşdü - 2:0.

Tarixdən hələlik bu qədər. Ən əsası, meydanda daha yaradıcı, daha həvəsli, daha əzmkar komanda qalib gəldi. Lakin əsas məqamlardan bir də odur ki, İngiltərə də sindromu qıraraq, nəhayət ki, final üzü gördü. Ən azı, tarixindən əbədi "favorit məğlub" imicini götürdü. İndi bu komanda irəliyə bir az inamla baxa bilər.

Ümumən, COVID-19 mövzusuna da nəzər salaq, xatırlayırsınızsa, bu pandemiyanın ilk qurbanları sırasında və Avropanın ən acınacaqlı vəziyyətə düşən ölkəsi kimi İtaliya liderlərdən idi. O vaxtdan bu yana keçən dövrdə bəlkə də apenninlilərin qələbəsi həm bir təsəllidir, həm də koronavirusun qapısına qələbə qolu rəmziləşdirmək olar.

İndi ümid edək ki, bu, həqiqətən COVID-19-un qapısına vurulmuş qələbə qoludur və heç-heçə ilə əlavə vaxt olmayacaq.

BATI YAR

Xəbər 410 dəfə oxundu.