7 gedişə dünya çempionunu təslim edən Şəhriyar
"Xaqani, sən adi piyadəsən bil,
Yeddi yol keçməyin, çox asan deyil"


Bu misralar doqquz əsr öncə şahmat oyununa çox yaxşı bələd olan görkəmli Azərbaycan şairi Xaqani Şirvaninin qələmindən çıxıb. Əsərlərində şahmat fiqurlarının hərəkət və dəyərindən bir neçə dəfə istifadə edən şair bu yolun asan olmadığını ağağıdakı misralarda izah edib:

"Keçsən də çox çətin vəzir olarsan
Ki, yolu kəsmişdir bir qoşun qatil".


Əlbəttə ki, şahmatda bu yolu keçmək asan deyil. Təbii ki layiqli rəqiblə oyunda. Bəs sadəcə 7 gediş etmək necə?

Ümumiyyətlə, sadəcə 7 gediş etmək istənilən şahmatçı üçün asan bir işdir. Və yenə də təbii ki, bu gedişlərlə oyunun davamının planlaşdırılmasını nəzərə almasaq. Hər halda şahmat yarışlarında kiminsə 7 gediş edib dayanması nadir hallarda təsadüf edilir.

Doğrudur, şahmat tarixində daha erkən təslimçilik də olub. 1935-ci ildə Alyoxin Polşada Alisi 6 gedişə mat edib. 1988-ci ildə gələcəyin dünya çempionu Vişvanatan Anand Alonso Sapataya təslim olub.

Bəs bu çətinlik qarşısında artıq dünya çempionu olmuş şahmat dahisi qalanda necə?
Bəli, şahmat tarixi belə bir halı da yaşadı. Bu uğursuz taleyi yaşamaq keşmiş bakılı, 13-cü dünya çempionu Harri Kasparovun nəsibi oldu. Və Kasparova bunu yaşadan onun ilk dəfə dünya çempionu olduğu ildə dünyaya gəlmiş Azərbaycan şahmatçısı, şahmat tarixində gənclər arasında yeganə ikiqat dünya çempionu, hazırda dünya şahmat reytinqinin 6-cısı olan Şəhriyar Məmmədyarovdur. Bu hadisə "Grand Chess Tour" şahmat seriyasının üçüncü mərhələsində - Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən "Croatia Grand Chess Tour"un blits turnirinin ilk dövrəsində baş verdi. Həmin hadisə bu gedişlər qarşılığında tarixə düşdü: 1.d4 d5 2.c4 dxc4 3.e3 e5 4.Af3 exd4 5.Fxc4 Af6 6.Vb3 Ve7 7.0-0.

Doğrudur, uzun illərdir şahmat yarışlarından uzaq qalan Kasparov hazırda ideal formasından çox uzaqdır və turnirdə ümumi çıxışı - 18 partiyada cəmisi 1 qələbə və 4 heç-heçəsi də bunu əyani göstərir. Bununla belə, hətta bu reallıqda şahmat tarixində ad qoymuş keçmiş dünya çempionunun belə erkən - 7 gedişə təslim olması heç gözlənilən hal deyildi.

İkinci dövrədə rəqiblər bir daha üz-üzə gəldilər. Bu dəfə Kasparov Şəhriyara 26-cı gedişdə təslim oldu.

Turnirin nəticələrinə gəldikdə, rapid və blitsin ümumi yekununda Şəhriyar 19 xalla 6-cı oldu. Ən yüksək nəticəni isə 23 xalla fransalı Maksim Vaşye-Laqrav göstərdi.
Ümumiyyətlə, Kasparovun Azərbaycan şahmatçıları ilə oyunu heç alınmır. 2003-cü ildə Teymur Rəcəbov da 16 yaşında ikən Linaresdə 13-cü dünya çempionunu məğlub etmişdi.

VÜQAR

Xəbər 3214 dəfə oxundu.