Mahir Şükürovun karyerasını davam etdirəcəyi klub müəyyənləşib
Azərbaycan millisinin futbolçusu Mahir Şükürovun karyerasını davam etdirəcəyi klub müəyyənləşib. 30 yaşlı müdafiəçi “Neftçi” ilə müqavilə bağlayıb.

Mahir Çempionlar Liqasında çıxışını başa vurduqdan sonra Avroliqada oynayacaq komandanın hazırlığına qatılacaq. “Neftçi” Mahiri kapitanı Rail Məlikovu kənarlaşdırandan sonra onun mövqeyinə - müdafiənin sağ cinahına transfer edib.

Bununla da bakılılar mövsümlərarası fasilədə “Qəbələ”nin yollarını ayırdığı daha bir müdafiəçiyə “qucaq açıb”. Belə ki, bunadək mərkəz müdafiəçisi Saşa Yunisoğlu transfer olunmuşdu. “Neftçi”nin Avroliqada iştirak ərizəsində dəyişiklik etmək imkanı olduğundan, Şükürovu sifariş edə biləcək.

Qeyd edək ki, Mahirin vaxtilə “Neftçi”də oynadığını nəzərə alsaq, bura qayıtdığını demək olar. O, 2006/07 mövsümündə komandanın heyətində çıxış edərək, gümüş medal qazanıb.

Xəbər 903 dəfə oxundu.