Azərbaycan “Tokio-2020”də 3 gimnastika növü üzrə 4 yarışda təmsil olunacaq
Planetin ən böyük idman yarışının başlamasına artıq sayılı günlər qalıb. “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanmış idmançılar səbirsizliklə karyeralarının ən vacib yarışının başlayacağı – iyulun 23-nü gözləyirlər.

Gimnastlarımız da Yaponiya paytaxtında təşkil ediləcək bu mühüm yarışda iştirak etmək üçün son hazırlıq mərhələsində səylə çalışır və çıxış proqramlarını daha da təkmilləşdirirlər.

Azərbaycan “Tokio-2020” çərçivəsində 3 gimnastika növü üzrə 4 yarışda təmsil olunacaq. Bədii gimnastika üzrə yarışlarda təmsilçimiz Zöhrə Ağamirova (fərdi proqram) və Zeynəb Hümmətova, Ləman Əlimuradova, Yelizaveta Luzan, Darya Sorokina və Nərminə Səmədovadan ibarət qrup hərəkətləri komandasıdır. Ölkəmiz Olimpiadada qrup hərəkətləri komandası üzrə yarışlara 13 ildən sonra yenidən qatılacaq.

İki gimnastımız isə idman gimnastikası üzrə yarışlarda iştirak edəcək - qadın idman gimnastikası üzrə yarışında Marina Nekrasova, kişilərin mübarizəsində isə İvan Tixonov medallar uğrunda yarışacaq. M.Nekrasovanın əldə etdiyi lisenziya Azərbaycanın qadın idman gimnastikası tarixində qazanılmış ilk Olimpiya lisenziyasıdır.

Gimnastika yarışları Tokionun Ariake Arenasında baş tutacaq.

Xəbər 359 dəfə oxundu.