“Wimbledon-2021”: Avstraliyalı tennisçi Eşli Barti finala yüksəlib
İyulun 8-də tennis üzrə qadınlar arasında “Böyük Dəbilqə” seriyasından London açıq turnirində (Wimbledon) yarımfinal mərhələsinə start verilib.

Yarımfinal mərhələsinin birinci oyununda Eşli Barti (Avstraliya) və Anjelik Kerber (Almaniya) üz-üzə gəliblər. İki saatdan çox davam edən görüş Eşli Bartinin qələbəsi ilə başa çatıb - 6:3, 7:6.

Dörddəbir finalda Eşli Barti avstraliyalı Ayla Tomlyanoviç (7:5, 6:3), Anjelik Kerber isə çexiyalı Karolina Muxovadan (6:3, 6:2) güclü olub.

Mərhələnin digər görüşündə Karolina Plişkova (Çexiya) Belarus təmsilçisi Arina Sobolenko ilə üz-üzə gələcək.

Qeyd edək ki, “Wimbledon” mövsümün üçüncü “Böyük Dəbilqə” turniridir. Turnirə iyulun 11-də yekun vurulacaq.

Sayca 134-cü turnirin ümumi mükafat fondu 40 milyon avro təşkil edir. Bu turnirin sonuncu çempionu 2019-cu ildə rumıniyalı Simon Xalep olub. O, zədə səbəbindən hazırkı turniri buraxmaq məcburiyyətində qalıb. Ötən il pandemiya səbəbindən “Wimbledon” turniri keçirilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Xəbər 426 dəfə oxundu.