Bu gün “Avro-2020”nin ikinci finalçısı müəyyənləşəcək
İyulun 7-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq İngiltərə - Danimarka matçı nəticəsində futbol üzrə 16-cı Avropa çempionatının ikinci finalçısı müəyyənləşəcək.

Londondakı “Uembli” stadionunda keçiriləcək ikinci yarımfinal görüşünü Niderlanddan olan referi Danni Makkeli idarə edəcək.

Bu komandalar indiyədək rəsmi turnirlərdə 23 dəfə qarşılaşıblar. Həmin görüşlərin 13-də İngiltərə, 5-də Danimarka qalib gəlib, 5 oyun heç-heçə başa çatıb. Top fərqində İngiltərə millisinin böyük üstünlüyü var – 39:23.

“Avro-2020”də qapısını toxunulmaz saxlamağı bacaran yeganə komanda olan İngiltərə seçməsi D qrupunda Xorvatiya və Çexiya millilərinə minimal hesabla qalib gəlib, Şotlandiya ilə qolsuz heç-heçə edib. Komanda səkkizdəbir finalda Almaniyanı (2:0), dörddəbir finalda isə Ukraynanı (4:0) mübarizədən kənarlaşdırıb.

Mübarizəyə B qrupunda başlayan Danimarka yığması isə ilk iki görüşdə Finlandiyaya (0:1) və Belçikaya (1:2) uduzsa da, sonuncu oyunda Rusiyanı 4:1 hesabı ilə məğlub etdiyindən top fərqinə görə qrup ikincisi kimi səkkizdəbir finala yüksəlib. Danimarkalılar səkkizdəbir finalda Uelsi 4:0 hesabı ilə məğlub edərək dörddəbir finala vəsiqə qazanıblar. Komanda Bakı Olimpiya Stadionunda oynadığı dörddəbir final görüşündə Çexiyaya 2:1 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Yarımfinal mərhələsinin birinci oyununda İtaliya və İspaniya yığmaları qarşılaşıblar. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan görüşdə İtaliya millisi 11 metrlik cərimə zərbələri seriyasında 4:2 hesabı ilə qalib gəlib.

“Avro-2020”nin final matçı iyulun 11-də “Uembli” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər 340 dəfə oxundu.