Yaponiyada Tokio Olimpiadası ərəfəsində Atletlər kəndi açılıb - FOTOREPORTAJ
Tokioda Olimpiya Oyunları ərəfəsində - iyulun 7-də Yaponiya paytaxtının Harumi rayonunda Atletlər kəndi rəsmi nümayəndələr və idmançılar üçün açılıb.

Təqribən 44 hektar ərazini əhatə edən Atletlər kəndi gələn həftə - yarışların rəsmi açılışına 10 gün qalmış idmançıları qəbul etməyə başlayacaq və avqustun 8-dək fəaliyyət göstərəcək.

Paralimpiya Oyunları üçün isə Atletlər kəndi avqustun 17-də açılacaq və sentyabrın 8-dək fəaliyyət göstərəcək. Yarışlar zamanı burada təqribən 18 min idmançının və rəsmi nümayəndənin qalacağı gözlənilir.

Tokio körfəzinin sahilində yerləşən Atletlər kəndi rahatlığı və gözəl mənzərəsi ilə diqqəti cəlb edir. Belə ki, Atletlər kəndi üç tərəfdən körfəz suları ilə əhatə olunub və burada yerləşən binaların eyvanlarından dənizə gözəl mənzərə açılır. Kəndin mərkəzində yerləşən nəqliyyat mərkəzi idmançıların yarış yerlərinə və geriyə hərəkətinə dəstək verəcək.

Koronavirus pandemiyası ilə əlaqədar Oyunlar ərəfəsində idmançıların təhlükəsizliyini təmin etmək məqsədilə onlardan Atletlər kəndində maksimum az qalmaları xahiş olunacaq. Olimpiyaçılar üçün bu müddət 5 gün, paralimpiyaçılar üçün isə yeddi gün təşkil edəcək. Həmçinin onlar yarışlarda iştirakları başa çatdıqdan sonra iki gün ərzində kəndi tərk etməlidirlər.

Xəbər 293 dəfə oxundu.