Transfer pəncərəsində
Peşəkar Futbol Liqası Azərbaycan Premyer liqasında yeni - 2021-22-ci illər mövsümünü avqust ayının 14-də başlamaq qərarına gəlib. Qurum həm də yeni dövrün transfer pəncərəsinin tarixlərini də müəyyənləşdirib. Yay oyunçu bazarı iyunun 10-da başlayaraq sentyabrın 1-də, qış dövrü isə gələn il yanvarın 10-da açılaraq fevralın 9-da yekunlaşacaq.

Artıq komandalardan da ilk soraqlar daxil olmağa başlayıb. Əlbəttə, əsas diqqət Avropa klub kuboku iştirakçılarına yönəlib. Ötən dövrün ən böyük xəbəri "Qarabağ"lı Mahir Emrelinin, nəhayət ki, qərar verərək, ölkə xaricində də təcrübə toplamağa başlamasıdır. 24 yaşlı futbolçu Polşa çempionu paytaxt "Legiya"sı ilə 3+1 illik müqavilə imzalayıb. Mahir yeni komandasında "11" nömrəli formanı geyinəcək.

"Qarabağ"dan bəhs etmişkən komandanın artıq bir transferi reallaşdırdığını da qeyd edək. Klub Braziliyanın "Koritiba" klubunun yetirməsi olan 25 yaşlı yarımmüdafiəçi Kadi Yuri Borceş Malinovski ilə 2+1 illik müqavilə imzalayıb. Emrelidən savayı komandanı Rafael Məhərrəmli ("Keşlə"), Hacıağa Hacılı (icarə əsasında "Zirə") tərk ediblər. Ağdam təmsilçisi ötən günlərdə Maksim Medvedev, Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Qara Qarayev, Abbas Hüseynov, Rahil Məmmədov ilə müqavilə müddətlərini uzadıb.

Yeni mövsümün ən erkən oyanan komandası uzun illərdən sonra çempionluq taxtına qayıtmış "Neftçi"dir. "Ağ-qaralar" yeni mövsümün təlim-məşq toplanışına başlayıb. Hazırlıq prosesində müxtəlif fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilir. Hazırlığın ikinci mərhələsi iyunun 16-dan 30-dək Sloveniyada olacaq və 4 yoxlama görüş (iyunun 18-i, 22-si, 25-i və 29-u) keçiriləcək. Klubdan yaponiyalı Keysuke Honda, Rener Alveş və icarə müddəti başa çatmış Əhməd Əhmədov (SSKA Sofiya, Bolqarıstan), habelə "Keşlə"yə icarə əsasında yola düşmüş Rəhman Hacıyev, Turan Vəlizadə gediblər. "Neftçi"nin ilk transferi isə "Keşlə"dən alınacağı barədə söz-söhbət gəzən 29 yaşlı paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kolli olub və onunla 2 illik müqavilə imzalanıb. Qorunub saxlanılan futbolçular da var: Mamadu Mboc, Ömər Buludov, Fəhmin Muradbəyli, Rəhman Hacıyev, Turan Vəlizadə, Mirabdulla Abbasov. Klubda yeni məşqçi də var. Mübariz Orucov əsas komandada köməkçi məşqçi vəzifəsini yerinə yetirəcək.

Avrokubokun daha bir iştirakçısı "Sumqayıt" baş məşqçisi Ayxan Abbasov və kapitanı Vurğun Hüseynov, eləcə də Murad Xaçayev və Elvin Məmmədovla yeni müqavilələr imzalayıb. Komandanı "Zirə"yə üz tutmuş Mehdi Cənnətovla Mehdi Şərifi tərk ediblər.

Avrokubokda yer alacaq "Keşlə"ni Meza Kollidən savayı, Vüsal İsgəndərli də tərk edib. Lakin heyətin yeni üzvləri "Neftçi"dən icarə qaydası ilə alınmış Rəhman Hacıyev və Turan Vəlizadə, "Sabah"dan Elçin Mustafayev, "Qəbələ"dən Merab Giqauridir. Qəsəbə kollektivi Şəhriyar Əliyev, Azər Salahlı, Rəhman Hacıyev, Turan Vəlizadə, Tərlan Quliyev, Tural Axundov, Kamal Bayramov, İlkin Qırtımov, Rafael Məhərrəmli, Rail Məlikov, Ruslan Əmircanov, Miyusko Bojoviç, Stanislav Namaşko ilə müqavilə müddətini uzadıb.

"Zirə" adı yuxarıda çəkilən Cənnətovla yanaşı, "Sabah"dan Təmkin Xəlilzadəni də alıb. Komandanı Elvin Camalov ("Sabah"), Kərim Diniyev, Lazar Corceviç, Ruslan Qurbanov, Tural Bayramlı, Klesio Bauk, Rodriqo Bonqonqi, Mateus Albino tərk ediblər. Ağabala Ramazanov və David Volkov heyətdə qalacaqlar.
Baş məşqçi Ramin Quliyevi postunda saxlamaq qərarına gəlmiş "Sabah" Zirədən Elvini almaqla ilk transferi həyata keçirib, lakin adları yuxarıda çəkilən Təmkin və Elçinlə yanaşı, Məhəmməd Mirzəbəyov, Amadu Diallo, Alvaro Vilyete, Kevin Kubemba və Ruslan Abışov artıq kollektivin üzvləri deyillər. Əvəzində Saşa Stamenkoviç, Zurab Oçiqava, Xulio Sezar Rodrigesin heyətdə qalacaqları məlumdur.
"Qəbələ"nin ilk transferi autsayderlik qonşusu "Səbail"dən gəlmiş Ürfan Abbasovdur. "Keşlə"nin formasını geyinəcək Merab Giqauridən savayı, Nikolas Raysel, Ceyms Adeniyi və Cavid Hüseynov da artıq əyalət komandasında çıxış etməyəcək.
"Səbail" də baş məşqçisini qoruyub. Lakin sükançı Aftandil Hacıyevin ixtiyarında Florian Kadriu, Milovan Petrovik, Luka İmnadze, Əli Sisey və "Qəbələ"yə getmiş Ürfan Abbasov olmayacaq.

BATI YAR


Xəbər 376 dəfə oxundu.