Avropanın Azərbaycan imzalı yubiley çempionatı son mərhələsində
Ənənələr, ümid və yeniliklər yarışı

Bakı Azərbaycan idmanı tarixinin daha bir səviyyəli turnirinə ev sahibliyi etdi. Avropa Oyunlarını olimpiya oyunları səviyyəsində keçirərək, bu idman bayramına yaşıl işıq yandırmış, İslam oyunları, şahmat olimpiadası, hələ üstəlik, Avropa liqasının final matçına ev sahibliyi etmiş paytaxt Bakının bu yarışın da təşkilatçılığını yüksək səviyyədə təmin edəcəyi əvvəldən şübhə doğurmurdu.

Bununla belə, UEFA bayrağı altında keçirilən futbol üzrə Avropa çempionatının final mərhələsi də populyarlığı ilə xüsusi seçilir. Həm də dünyada ən çox izlənilən bir turnir kimi qitə çempionatı ölkənin imici baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən təşkilatçılıqda hər bir məsələ xüsusi nəzərə alınmalı idi. Üstəlik, "COVID-19" pandemiyasının bir il təxirə salaraq, diktə etdiyi şərtlər daxilində bu yarış, əlavə bir sıra qaydaları da nəzərə almalı idi.

Bütün maneələrə rəğmən, "Avro-2020" markası altında 1 il sonra keçirilən qitə çempionatı tarixə yenilikləri və özəllikləri ilə daxil olacaq. Ən əsası, pandemiya şərtlərinə rəğmən futbol mübarizəsinin yenidən özünə qayıdaraq, yaratdığı bayram ovqatı ilə bu turnir idmanın bəşəriyyətin çətin durumlarında belə verdiyi ümidlər və ismarıc baxımından Avropa çempionatının final mərhələsinin xüsusi yeri olacaq.
Avropa çempionatı dünya kuboku ilə yanaşı, dünya idmanında ən çox tamaşaçı və izləyici toplayan yarışıdır. 2020-ci ildə yubiley xarakterli çempionatın müxtəlif şəhərlərdə keçirilməsinin özəllikləri "COVID-19" pandemiyası səbəbilə təxirə salınsa, daha sonra ləğv olumaq təhlükəsi ilə üz-üzə qalsa da, turnirin vüsəti bütün bədbin proqnozları alt-üst etdi. Hətta fərqli şəhərlərdə keçirilən yarış sərhədləri bağladan, insanları evlərinə-mənzillərinə qapadan, iqtisadiyyata hökm oxumaq istəyən koronavirus bəlasına bir dirəniş nümunəsi oldu. Ən əsası, meydandakı mübarizə "çörək və tamaşa" prinsipinin bir müsbət cəhəti ilə "Avro-2020" çətinliklərdən birgə qalib çıxmağın yolunu da göstərdi.

Əlbəttə, qitə çempionatının rəmzi üstünlüklərindən danışmaq imkanımız turnirdən sonra olacaq. Lakin meydandakı mübarizə futbolun dünəni, gələcəyi və bu günü baxımlndan ibrətamiz keçir. Sensasiyalar, statistik göstəricilər, rekordlar, meydan mübarizəsi, proqnozlara rəğmən nəticələr, Avropa çempionatlarında ilk dəfə Bakıda tətbiq edilən VAR sisteminin oyunların nəticəsinə təsiri, bir sözlə, qitə çempionatından sonra müzakirə mövzusu olacaq çox məsələ indidən var.
Əlbəttə, "A" qrupunun iki matçında sanki öz evində oynayırmış kimi rəğbət və dəstək alan Türkiyə millisinin gözlənilməz uğursuzluğu bu gün əsas müzakirə mövzusudur. Doğrudur, çempionatın ən gənc komandası olsa da, heyətin imkanları bu turnirdə, əsla özünü qismən də olsa, büruzə vermədi. Səbəblərdən danışsaq, taktiki çiylik və bu xüsusda xətlərarası əlaqənin olmaması sözünü deyir. Lakin elə ilk oyunlardan yarışın favoritlərindən biri kimi parlayan İtaliya, həmçinin oyun quruculuğu baxımından İsveçrə millisi, habelə son illərdə yetişən nəsil sayəsində ən parlaq dövrünü keçirən Uels seçməsi turnirin qazandığı marağın formalaşmasında xüsusi rol oynadılar.

Əgər favoritlərdən bəhs ediriksə, Belçika və eləcə də İngiltərə komandalarının da adları xüsusi çəkilməlidir. Bu xüsusda İtaliya və İngiltərə əvvəlki tarixlərindən də fərqli bir komanda ilə meydandadır. İtaliya dünya miqyasında xüsusi qeyd edilən lideri olmadan, lakin komanda oyunu ilə diqqət çəkir. Bu səbəbdən hər bir mövqe və oyun elementi ilə bu komandanın qitə çempionatı tarixinə yazmağa sözü var. İngiltərə millisi də eynilə bir sıra tipik ingilis futbolu ənənələrindən uzaqlaşmağa başlayıb. Burada hər bir futbolçunun personal keyfiyyəti ilə yanaşı, məşqçinin iki fərqli nəslin nümayəndələrindən optimal heyət formalaşdırılmasını da qeyd etmək olar.

İtaliya ilə başabaş rəqabətdə məğlub olan Belçika millisi isə bəlkə də daha yüksək pilləyə sıçraya bilərdi. Lakin qarşısında mütəşəkkil komanda onun əsas maneəsi oldu. Eyni zamanda, Belçika millisinin çatışmayan əsas cəhəti, zənnimcə, iddialı heyətin güclü olmaq üçün komanda kimi birləşdirən psixoloji inam amilinin də öz rolu oldu.

Tarixin tərsliyi ilə bir qrupda cəmləşmiş və artıq postunu təhvil verdiyi məlum olan Portuqaliya dünya çümpionu titulunun sahibi Fransa, habelə güclü "maşın" Almaniya milliləri, həm də bu turnirin doymuş buzarı kimi çempionatın küləyi ilə əridilər. Doğrudur, Portuqaliya bütün imkanları ilə savaşdı, mübarizə apardı, lakin nəsillər arasında təzad və potensial imkan sözünü dedi. Fransa isə təkcə qayıdışı ilə sürpriz vəd edən Benzeması ilə olsa belə, tək əldən səs çıxmadığını və yeni dövrdə yeni komanda quruculuğunun zəruri olduğunu bir daha əyani gəstərdi. Çünki bu fərqlərlə çatışmayan əsas məsələ - mütəşəkkillik komandanın əsas maneəsi oldu. Almaniya millisində isə baş məşqçinin son mundial zəfərindən sonra nəsil yenilənməsi prosesinin qırıq-qırıq aparılması və heç özünə bənzəmədən Yoaxim Lövün qəfil qərarsızlıqları da bugünkü nəticələrdə və komandanın simasında əksini tapır.

Xorvatiya və Ukrayna millilərinin hər birinin öz maneəsi məhz kadr bazası prinsiplərinə söykənir. Əgər Xorvatiyada bu problem oyunçuların xəlitəsi və imkanlar baxımından bir o qədər də özünü büruzə vermirsə, Ukrayna komandasında kollektivin elə baş məşqçisi Andriy Şevçenkonun da sözləri ilə desək, hələlik boyundan yuxarı tullanmaq üçün lazım olan kadr potensialı yoxdur. Lakin bu xüsusda ümidlər də göz önündədir. Bu mənada yəqin Danimarka millisindən xüsusi söz açmaq olar. Bu yarışda komanda, zənnimcə, inkişaf yolunu tapmaq istəyən bütün ölkələrə nümunədir. Elə Azərbaycan futbolunda da inkişaf konsepsiyasını necə cızmaq mümkün olduğunu da məhz "Qırmızı sap" ("Den rod trad") konsepsiyası ölkə futbolunu 1990-cı illərdəki əfsanəvi nəsillərin izinə yaxınlaşdırıb. Ən azı, ölkədə yeni nəsillərin formalaşdırılması üçün münbit şərait yaranıb və ən əsası, bu proqram ardıcıl olaraq, son 15 il ərzində bugünkü nəticələrə gəlib çatmağa imkan verib.

Əlbəttə, turnirin uğursuzlarından və bu yarışda iştirakı özü uğur olanlardan da bəhs etmək mümkündür. Lakin onların da hər biri yalnız Azərbaycan millisi barədə söhbətlərimizdə bizim üçün aktual olacaq və bu barədə elə sentyabrdan başlayaraq söz aça biləcəyik.

BATI YAR

Xəbər 424 dəfə oxundu.