Gənc güləşçimiz Həsrət Cəfərov Avropa çempionatının finalına yüksəlib
Almaniyanın Dortmund şəhərində keçirilən gənc güləşçilərin Avropa çempionatı sona yaxınlaşır.

Altıncı yarış günündə - iyulun 3-də 60, 67, 72, 82 və 97 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.

Güləşçimiz Nihat Məmmədli (60 kq) ilk görüşdə erməni rəqibinə gücünü göstərib. N.Məmmədli daha sonra yerli pəhləvanı sonuncu xal prinsipinə əsasən üstələyərək yarımfinala yüksəlib. Finalın bir addımlığında Rusiya güləşçisi ilə gərgin idman mübarizəsi şəraitində keçən görüşdən məğlub ayrılan təmsilçimiz iyulun 4-də bürünc medal uğrunda görüşə çıxacaq.

Çempionatda 67 kiloqram çəki dərəcəsində çıxış edən Həsrət Cəfərov səkkizdəbir finalda Macarıstan güləşçisini cəmi 1 dəqiqə 35 saniyəyə xalçadan məyus yola salıb. H.Cəfərov Bolqarıstan idmançısını da vaxtından əvvəl yolundan kənarlaşdırıb və adını yarımfinala yazdırıb. Gürcüstan güləşçisi ilə qarşılaşmanın əvvəlindən sonunadək dominantlıq edən H.Cəfərov finala vəsiqə qazanıb. Qızıl medal uğrunda görüşdə idmançımızın rəqibi Türkiyə güləşçisi olacaq.

Xasay Həsənli (72 kq) Çexiya idmançısına elə ilk hissədə qalib gələrək yarışa inamlı start verib. Həmyerlimiz səkkizdəbir finalda rumıniyalı rəqibinin kürəyini yerə sıxıb. Ancaq X.Həsənli dörddəbir finalda gürcü həmkarı ilə bacarmayıb. Rəqib finala yüksəldiyi üçün güləşçimiz iyulun 4-də təsəlliverici görüşə çıxacaq.

Bu çəki dərəcələrində təsəlliverici və final görüşləri iyulun 4-də keçiriləcək.

Xəbər 361 dəfə oxundu.