“Avro-2021”: İspaniya millisi İsveçrəni 11 metrlik cərimə zərbələri seriyasında məğlub edərək yarımfinala yüksəlib
İyulun 2-də İsveçrə-İspaniya oyunu ilə futbol üzrə Avropa çempionatının dörddəbir final mərhələsinə start verilib.

Sankt-Peterburqda oynanılan görüşün əsas vaxtında qalib müəyyənləşməyib - 1:1.

Qarşılaşmanın 8-ci dəqiqəsində İsveçrə millisinin futbolçusu Denis Zakarianın avtoqolu İspaniyanı hesabda irəli çıxarıb. Matçın 68-ci dəqiqəsində İsveçrə seçməsi Cerdan Şakirinin qolu ilə hesabı bərabərləşdirib - 1:1.

Görüşün əsas vaxtı bu hesabla başa çatdığından qalibi müəyyənləşdirmək üçün 15 dəqiqəlik iki əlavə hissə oynanılıb. Bu hissədə də qapılara top vurulmadığından qalib 11 metrlik cərimə zərbələri seriyasında müəyyənləşib. Belə ki, 3:1 hesabı ilə qalib gələn İspaniya seçməsi yarımfinala vəsiqə qazanıb.

Yarımfinalda İspaniya millisinin rəqibi Belçika-İtaliya görüşünün qalibi olacaq.

Xatırladaq ki, İsveçrə yığması səkkizdəbir finalda sonuncu dünya çempionu Fransanı mübarizədən kənarlaşdırmışdı. Həmin görüşdə əsas vaxt 3:3 hesabı ilə başa çatdığından 11 metrlik cərimə zərbələri seriyasında İsveçrə komandası 5:4 hesabı ilə qalib gəlmişdi. İspaniya isə sonuncu dünya çempionatının gümüş mükafatçısı Xorvatiyanı əlavə vaxtda vurduğu iki qolla 5:3 hesabı ilə məğlub edərək dörddəbir finala yüksəlmişdi.

Xəbər 333 dəfə oxundu.