Müxtəlif ölkələrin komandaları Tokio Olimpiadasında iştirak etmək üçün Yaponiyaya gəlməyə başlayıblar
Tokio Yay Olimpiya Oyunlarında iştirak edəcək ölkələrin komandaları Yaponiyaya gəlməyə başlayıblar.

İyulun 1-dən 4-dək ölkəyə 18 ölkə və ərazi vahidindən 400-ə qədər idmançının gəlməsi gözlənilir. Xarici idmançıların Tokio yaxınlığında yerləşən “Narita” və paytaxtdakı “Haneda” beynəlxalq hava limanlarına və həmçinin Naqoya şəhəri yaxınlığındakı “Chubu” aeroportuna gələcəkləri bildirilir. Onlar buradan təlim-məşq yerlərinə yola düşəcəklər.

İyulun 1-də boks üzrə ABŞ millisinin üzvləri “Narita” aeroportuna gəliblər. İdmançılar digər sərnişinlərlə qarşılaşmamaq üçün antivirus tədbirləri çərçivəsində xüsusi dəhlizlərdən istifadə edərək, sərhəd və gömrük yoxlamalarından keçiblər.

Həmin gün Böyük Britaniyanın yelkənli idman komandası da “Haneda” aeroportuna gəlib. Bu komandanın Kanaqava prefekturasındakı Hayama şəhərində qalacağı bildirilir.

Ölkəyə çoxsaylı əcnəbi idmançıların gələcəyini nəzərə alan yerli ictimaiyyət hökuməti koronavirusun yayılmasının qarşısını almaq üçün ən ciddi tədbirlər görməyə çağırır.

Xəbər 351 dəfə oxundu.