Serbiyada “Silver Lake 2021” beynəlxalq şahmat festivalı başa çatıb
Serbiyada “Silver Lake 2021” beynəlxalq şahmat festivalı başa çatıb.

Festivalda Azərbaycanı altı şahmatçı təmsil edib. Onlardan üçü A qrupunda, üçü isə B qrupunda mübarizə aparıb.

A qrupunda mübarizə aparan şahmatçılar arasında yalnız qrossmeysterimiz Ülvi Sadıqovun çıxışını qənaətbəxş qiymətləndirmək olar. Ü.Sadıqov kifayət qədər güclü şahmatçıların çıxış etdiyi turniri beşinci pillədə bitirib. Festivalın əsas yarışında mübarizə aparan digər şahmatçılarımız Pərviz Qasımov 40-cı, Toğrul Həsənzadə isə 76-cı olublar.

B qrupunda mübarizə aparan şahmatçılarımız isə daha uğurlu çıxış ediblər. Belə ki, gənc şahmatçımız Sadiq Qarayev yarışı 4-cü, Nəsrin Babayeva 18-ci, Nazlı Hümbətova isə 31-ci pillədə başa vurublar.

Qaliblərə gəlincə, festival Hindistan və Serbiya şahmatçılarının triumfu ilə nəticələnib. A qrupunda ilk üçlükdə hindistanlı şahmatçılar Nihal Sarin, Raunak Sadxavani və Abximanyu Puranik yer alıblar.

B qrupunda da bütün mükafatçılar eyni ölkədən olublar. Serbiyalı Aleksa Alimpiç turnirin qalibi, onun həmyerliləri Aleksandr Arandjeloviç və Miodraq Yevtiç isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Xəbər 343 dəfə oxundu.