Şahmatçımız Şəhriyar Məmmədyarov dünya reytinqində altıncı yerə yüksəlib
Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2021-ci il iyunun 1-nə olan reytinq siyahısını açıqlayıb.

Şahmatçımız Şəhriyar Məmmədyarov 2782 xalla dünya reytinqində 6-cı yerə yüksəlib. Millimizin digər üzvü Teymur Rəcəbovun isə mövqeyi dəyişməyib (2763, 10-cu yer).

Digər şahmatçılarımız Qədir Hüseynov (2665) iki pillə irəliləyərək 72-ci yeri tutub. Nicat Abbasov (2656) isə 11 pillə geriləyərək 84-cü sırada qərarlaşıb. Üç pillə irəliləyən Rauf Məmmədov (2654) 87-ci yerdədir.

Kişi şahmatçıların reytinq siyahısına norveçli dünya çempionu Maqnus Karlsen (2847) başçılıq edir.

Qadın şahmatçılarımızın reytinqində isə Azərbaycanın üç zəka ustası ilk 100-lükdə qərarlaşıb. Günay Məmmədzadə (2460) reytinqini 14 punkt artıraraq 25-ci yerə yüksəlib. Gülnar Məmmədova (2385) 77-ci, Xanım Balacayeva (2376) isə 91-ci yerdədirlər.

Qadın şahmatçılar arasında birinci pillədə çinli Yifan Hou (2658) yer alıb.

Xəbər 339 dəfə oxundu.