Vətən müharibəsi şəhidlərinin xatirəsinə yeniyetmələr arasında respublika turniri başa çatıb
Vətən müharibəsi şəhidlərinin xatirəsinə yeniyetmələr arasında basketbol yarış keçirilib.

“Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris İdman Bazasında təşkil olunan yarışda hər zonadan birinci və ikinci yer üzrə final mərhələsinə vəsiqə qazanan 12 komanda – Füzuli rayonu, Şirvan şəhəri, Sumqayıt şəhəri, Xaçmaz rayonu, Gəncə şəhəri, Göygöl rayonu, Şəki şəhəri, İsmayıllı rayonu, Xətai rayonu, Nəsimi rayonu, Cəlilabad rayonu, Lənkəran şəhərinin məktəbliləri mübarizə aparıblar.

Yekun nəticəyə görə, Xətai rayonu, Şəki şəhəri və Nəsimi rayonun komandaları ilk üç yeri tutublar.

Olimpiya sistemi üzrə 6 zonada keçirilən turnirdə 4 idman növü üzrə ümumilikdə respublikanın bütün rayon və şəhərindən 2000-dən çox məktəbli iştirak edib.

Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının təşkilatçılığı ilə 2021-ci ilin may-iyun aylarında keçirilən yarışlarda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün rayon və şəhər ümumi təhsil müəssisələrinin şagirdləri mini futbol (13-14 yaş), atletika (13-14 yaş), voleybol (oğlanlar, 14-15 yaş), basketbol (oğlanlar,14-15 yaş) idman növləri üzrə iştirak ediblər.

Qeyd edək ki, turnirin keçirilməsində məqsəd şəhidlərimizin xatirəsini əbədiləşdirmək, onların xatirəsini yad etmək, yeniyetmələr arasında vətənpərvərlik hisslərini gücləndirmək, şagirdləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsindən ibarətdir.

Turnir xüsusi karantin rejimi qaydalarına uyğun olaraq keçirilib.

Xəbər 406 dəfə oxundu.