“Avro-2020”: Bu gün səkkizdəbir final mərhələsinə yekun vurulacaq
Bu gün futbol üzrə Avropa çempionatında səkkizdəbir final mərhələsinə yekun vurulacaq.

Londonda “Uembli” stadionunda İngiltərə-Almaniya, Qlazqoda “Hampden Park”da isə İsveç-Ukrayna oyunu təşkil olunacaq.

İngiltərə-Almaniya oyunu Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Oyunu niderlandlı FIFA referisi Denni Makkeli idarə edəcək.

İsveç-Ukrayna matçı isə saat 23:00-da başlayacaq. Qarşılaşmanın baş hakimi italiyalı Daniele Orsato olacaq.

Almaniya-İngiltərə cütünün qalibi dörddəbir final mərhələsində İsveç-Ukrayna duelinin güclüsü ilə üz-üzə gələcək.

Qeyd edək ki, dörddəbir final mərhələsinin artıq 3 cütlüyü müəyyənləşib. Belə ki, iyulun 2-də Sankt-Peterburqda İsveçrə-İspaniya, Münxendə Belçika-İtaliya, ertəsi gün Bakıda Çexiya-Danimarka matçları təşkil olunacaq.

Xəbər 356 dəfə oxundu.