Yaponiya Tokio Olimpiadasında bəzi ölkələr üçün məhdudiyyətləri sərtləşdirməyi planlaşdırır
Yaponiya hökuməti Tokio Yay Olimpiya Oyunları zamanı bəzi ölkələrin idmançılarına daha sərt məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.

Bunu Yaponiya Olimpiya Komitəsinin rəhbəri Yasuhiro Yamaşita mətbuat konfransında deyib. O, Hindistan da daxil olmaqla, bəzi ölkələrdən gələn idmançılar üçün üçgünlük sərt karantin tətbiq ediləcəyini bildirib.

Y.Yamaşita ölkəyə gəldikdən sonra sərt karantində belə, idmançıların mümkün qədər və ciddi nəzarət altında məşq edə biləcəklərini vurğulayıb.

Bundan əvvəl koronavirusun “Delta” ştamının geniş miqyasda yayılmasının qeydə alındığı altı ölkə - Hindistan, Pakistan, Nepal, Şri-Lanka, Maldiv və Əfqanıstandan Yaponiyaya gələcək milli komandaların xüsusi nəzarətdə saxlanacağı bildirilib. Belə ki, idmançıların Yaponiyaya uçmazdan əvvəl bir həftə ərzində hər gün infeksiyaya qarşı testlərdən keçmələri tələb edilir. Bundan əlavə, bu müddət ərzində və Yaponiya ərazisinə gəldikdən sonra üç gün ərzində xarici komandalarla əlaqə qurmaları qadağan ediləcək.

Xəbər 360 dəfə oxundu.