Azərbaycanın iki gənc güləşçisi Avropa çempionatının yarımfinal mərhələsinə yüksəlib
Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı start götürüb.

İlk yarış günündə 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıblar.

Güləşçimiz Murad Haqverdiyev (57 kq) ilk görüşdə türkiyəli rəqibinə uduzub.

Millimizin üzvü Sabir Cəfərov (65 kq) təsnifat mərhələsində Slovakiya idmançısını vaxtından əvvəl məyus edib. Həmyerlimiz daha sonra Fransa təmsilçisinə eyni aqibəti yaşadıb. Dörddəbir finalda Türkiyə güləşçisi üzərində də böyük hesablı qələbəyə sevinən S.Cəfərov yarımfinala yüksəlib.

Çempionatda 70 kiloqram çəki dərəcəsində çıxış edən Turan Bayramov yarışa Almaniya güləşçisi üzərində inamlı qələbə ilə start verib. T.Bayramov dörddəbir finalda daha əvvəl bir neçə dəfə məğlub etdiyi Narek Harutyunyanla qarşılaşıb. Ənənəsinə sadiq qalaraq Ermənistan güləşçisinə növbəti dəfə qalib gələn T.Bayramov adını yarımfinala yazdırıb.

Səbuhi Əmiraslanov (79 kq) səkkizdəbir finalda rusiyalı rəqibinə məğlub olub. Zəfər Əliyev (97 kq) debütdə gürcü həmkarına tam üstünlüklə qalib gəlib. Ancaq dörddəbir finalda Ukrayna idmançısı ilə bacarmayıb.

Qeyd edək ki, yarımfinal görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xəbər 357 dəfə oxundu.