Azərbaycan Milli Olimpiya Komitəsinin “Tokio-2020” ilə bağlı iclası keçirilib
İyunun 25-də Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) “Tokio-2020” Yay Olimpiya Oyunlarına həsr olunan iclas keçirib.

MOK və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) birgə təşəbbüsü ilə baş tutan tədbirdə bütün iştirakçı federasiyaların rəhbər, tibb və məşqçi heyətləri iştirak ediblər.

Tokio Yay Olimpiya Oyunlarına həsr olunan tədbiri giriş sözü ilə açan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bu görüşün Olimpiada öncəsi əhəmiyyətini vurğulayıb.

Sonra Olimpiya Oyunları zamanı dopinq nəzarəti, o cümlədən bu sahədəki yenilik və dəyişiklərlə bağlı AMADA-nın xüsusi təqdimatı olub.

AMADA-nın rəhbəri Şəfəq Hüseynli bildirib ki, Agentliyin “Tokio-2020” Yay Olimpiya Oyunları zamanı Çağrı Mərkəzi fəaliyyət göstərəcək. İyirmi dörd saat ərzində fasiləsiz fəaliyyət göstərəcək Çağrı Mərkəzində idmançılar və məşqçilərin dopinq nəzarəti ilə bağlı bütün sualları cavablandırılacaq. Çağrı Mərkəzi təmiz idmanın daha geniş yayılması və idmançıların məlumatlandırılmasına yönəlib.

Təqdimat zamanı iclas iştirakçıları antidopinqlə bağlı idmançıların hüquq və öhdəlikləri, o cümlədən terapevtik istisna icazəsi üçün müraciət və icazənin verilmə şərtləri, məkan məlumatı, “İynəyə yox” siyasəti və digər məsələlərlə bağlı ətraflı məlumatlandırılıb.

Daha sonra MOK əməkdaşları COVID-19 və sosial mediadan istifadə qaydaları haqda təqdimatla çıxış ediblər.

MOK-un beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Anar Bağırov və şöbənin nümayəndəsi Ceyhun Rəhmanovun COVID-19 təqdimatında pandemiya şəraitində Olimpiya Oyunlarınin keçirilməsi ilə bağlı qaydalar açıqlanıb.

Komitənin marketinq şöbəsinin rəhbəri Mehman Kərimov və şöbənin əməkdaşı Səkinə Vəliyevanın təqdimatı isə “Tokio-2020” Yay Olimpiya Oyunlarının sosial media və marketinq strategiyası və yığmanın bu istiqamətdə əməl etməli olduğu qaydalara hərs olunub.

MOK-un vitse-prezidenti bildirib ki, “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında Azərbaycan komandasının bayraqdarı müəyyənləşib. Olimpiya Oyunlarında milli komandanın bayrağını daşımaq şərəfi cüdoçu Rüstəm Orucova həvalə olunub. “Tokio-2020"nin açılış mərasimində üçrəngli bayrağımızı Rüstəm Orucov daşıyacaq.

Azərbaycan Milli Olimpiya Komitəsinin Tokio Yay Olimpiya Oyunlarına həsr olunan iclasında MOK-un baş katibin müavini Azər Əliyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov iştirak ediblər.

Xəbər 351 dəfə oxundu.