Azərbaycanın basketbol millisinin seçmə mərhələ üçün heyəti bəlli olub
Avropa çempionatının seçmə mərhələsində mübarizə aparacaq Azərbaycanın 3X3 basketbol millisinin heyəti müəyyənləşib.

Yığmaya 4 oyunçu cəlb edilib. Belə ki, baş məşqçi Samit Nuruzadənin rəhbərlik etdiyi komandada Anar Hacıyev, Endər Poladxanlı, Cəbrayıl Əkbərov və Polad Həsənov oynayacaqlar.

Seçmə mərhələ çərçivəsində turnir iyunun 25-də İsrailin paytaxtı Təl-Əvivdə start götürəcək. On altı komandanın iştirak edəcəyi yarış iki gün davam edəcək. Onların arasından ən yaxşı nəticə qazanacaq 4 komanda həlledici mərhələdə mübarizə aparacaq.

Yarışa Azərbaycan komandası və meydan sahibləri ilə yanaşı, Polşa, Çexiya, İsveçrə, İspaniya, Almaniya, Avstriya, Belçika, Türkiyə, Portuqaliya, Xorvatiya, Yunanıstan, Andorra və Monteneqro yığmaları da qatılacaqlar.

Qitənin digər 16 yığmasının iştirak edəcəyi digər turnir isə iyunun 26–27-də Rumıniyada təşkil ediləcək.

Qeyd edək ki, qitə çempionatı sentyabrın 10–12-də Parisdə keçiriləcək.

Xəbər 399 dəfə oxundu.