Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev sərbəst güləş üzrə 45-ci Avropa çempionatının fəxri qonaqlarını qəbul etmişdir
Dövlətimizin başçısı qonaqları salamlayaraq dedi ki, sərbəst güləş üzrə 45-ci Avropa çempionatının ölkəmizdə keçirilməsi faktı Azərbaycanda yüksək qiymətləndirilir və ictimaiyyət bunu böyük hadisə hesab edir. Prezident buna görə Avropa Federasiyasının rəhbərliyinə təşəkkürünü bildirərək vurğuladı ki, əhalinin böyük hissəsi çempionatın televiziya ilə birbaşa yayımlanmış açılış mərasimini, habelə güləşçilərin çıxışlarını izləmişdir. Bakıda keçirilən və sayca 45-ci olan qitə çempionatı Avropa Güləş Federasiyasının təşkil etdiyi birincilikləri sırasında önəmli yer tutacaqdır. Prezident Heydər Əliyev çempionatın açılış mərasimindən və güləşçilərin çıxışlarından böyük məmnunluq duyduğunu vurğuladı.
Qəbulda çıxış edən Avropa Sərbəst və Yunan-Roma Güləşi Federasiyasının prezidenti Tseno Tsenov çempionatın uğurlu başlanğıcı münasibəti ilə şəxsən öz adından və Beynəlxalq Güləş Federasiyasının prezidenti Milan Erseqan adından Azərbaycan Prezidentini təbrik etdi. O bildirdi ki, beynəlxalq və Avropa federasiyalarının üzvləri Azərbaycan dövləti başçısının çempionatın iştirakçılarına göndərdiyi məktubda idmanın müasir həyatda, beynəlxalq münasibətlərdə rolu, gənclər və bütün yaşlardan olan insanlar üçün əhəmiyyəti haqqında dediyi fikirlərə şərikdirlər. Avropa Federasiyasının sərbəst güləş üzrə növbəti çempionatı Bakıda keçirməsi bir sıra səbəblərə görə heç də təsadüfi deyildir. İdmanın həmin növündə Azərbaycanın əsrlərdən bəri davam edən ənənələri var, Azərbaycan pəhləvanları Avropada və dünyada güləşin inkişafına töhfələr vermişlər. Federasiyanın prezidenti dedi ki, çempionatların təşkili məsələləri ilə əlaqədar, onların irəli sürdüyü bütün tələblər Azərbaycanda ən yüksək səviyyədə yerinə yetirilmişdir. O, əmin olduğunu bildirdi ki, yaxın illərdə Azərbaycan paytaxtında güləş üzrə dünya çempionatı da keçiriləcəkdir.
Tseno Tsenov Azərbaycan güləşçilərinin çempionatda uğurla çıxış etdiklərini söyləyərək vurğuladı ki, onların yaxşı nəticələrə nail olmaq imkanları var.
Sonra Avropa Federasiyasının başçısı Azərbaycan Prezidenti Heydər Əliyevə ən yüksək mükafatı - ancaq dövlət başçılarının təltif olunduğu “Qızıl boyunbağı” fərqlənmə nişanını təqdim etdi.
Daha sonra çıxış edən Beynəlxalq Güləş Federasiyasının birinci vitse-prezidenti Rafael Martinetti də Azərbaycan güləşçilərinin indiki çempionatda uğurla yarışdıqlarını vurğuladı.
Prezident Heydər Əliyev Avropa Güləş Federasiyasının ən yüksək mükafatına layiq görülməsinə görə təşəkkürünü bildirərək dedi ki, bu onun üzərinə idmana daha böyük diqqət yetirmək, xüsusilə sərbəst güləşə qayğı göstərmək vəzifəsi qoyur. Sərbəst güləşlə bağlı fərqlənmə nişanı almağın xüsusi əhəmiyyəti var. Dövlətimizin başçısı bildirdi ki, sərbəst güləş xalqımızın qədim idman növüdür, XX əsrdən etibarən o, dünyada geniş inkişaf tapmışdır. İndi Azərbaycan müstəqil dövlət olaraq, idmanın bir çox növləri, o cümlədən də sərbəst güləş üzrə dünya, Avropa çempionatlarında, eləcə də regional çempionatlarda iştirak edir. Prezident Heydər Əliyev əmin olduğunu vurğuladı ki, indiki çempionat yüksək səviyyədə başlandığı kimi, yüksək səviyyədə də başa çatacaq və sərbəst güləş tarixinə daha bir parlaq səhifə - Bakıda sərbəst güləş üzrə 45-ci Avropa çempionatı kimi yazılacaqdır.
Qəbuldan sonra Türkiyənin “Qırxpınar” yağlı güləş federasiyasının həmsədri Sait Yavuz Azərbaycan Prezidenti Heydər Əliyevə müraciətlə dedi:
- Cənab prezident, mən ölkəmizin 641-ci “Qırxpınar ağasıyam”. Türk xalqının Sizə sevgi və salamlarını gətirmişəm. Sizi bu il iyunun 28-30-da Türkiyədə yağlı güləş üzrə keçiriləcək 641-ci birinciliyə dəvət etmək üçün gəlmişəm. Bu münasibətlə Zati-alinizin Sizi sevən türk xalqı ilə bir yerdə olmasını arzu edirik. Siz bununla bizə şərəf vermiş olarsınız.
Sonra qonaq Azərbaycan Prezidentinə xatirə hədiyyələri təqdim etdi.
Dövlətimizin başçısı Heydər Əliyev hədiyyəyə görə qonağa təşəkkürünü bildirdi. Türkiyədə keçirilən ənənəvi yağlı güləş yarışlarını sevdiyini, bu güləş federasiyasının sədri ilə Bakıda görüşdüyünü, onun tərəfindən vaxtilə Türkiyəyə dəvət olunduğunu, lakin imkan tapıb gedə bilmədiyini söyləyərək dedi ki, indiki dəvəti qəbul edir və mütləq Türkiyəyə gedəcəkdir.
Azərbaycan Prezidenti Heydər Əliyev qonaqla xatirə şəkli çəkdirdi.

3 may 2002-ci il

Xəbər 3254 dəfə oxundu.