Daha bir boksçumuz yarımfinalda
Böyük Britaniyanın paytaxtı Londonda XXX Yay Olimpiya Oyunları davam edir.
Boks yarışlarında 91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Məhəmmədrəsul Məcidov növbəti görüşünü keçirmişdir.
M.Məcidov dörddəbir finalda Rusiya idmançısı Maqomed Omarov ilə qarşılaşmışdır. Rəqibini məğlub edən Azərbaycan boksçusu Olimpiya Oyunlarının yarımfinal mərhələsinə yüksəlmiş və eyni zamanda özü üçün ən azı bürünc medalı təmin etmişdir.
Növbəti mərhələdə M.Məcidovun rəqibi Roberto Kammarelle (İtaliya) olacaqdır. Yarımfinal görüşü avqustun 10-da keçiriləcəkdir.
AzərTAc

Xəbər 967 dəfə oxundu.