Son tura qədər dözməli
Bundan sonra hər səhv medala bərabər itki olacaq

Milli futbol çempionatının Premyer liqası və ölkə kuboku uğrunda yarışlarda həlledici mərhələlər başlanır. Kubok uğrunda turnirdə cavab görüşləri final rəqabətini müəyyən edəcək.

İlk görüşlərdə qeyri-adi heç nə baş verməyib və daha güclü tərəflər yarımfinalın həlledici oyunlarına üstün durumda yollanacaqlar. Hətta deyərdim ki, "Zirə" rəqibindən bir addım öndə olacaq. Əlbəttə, "Sumqayıt"ın "Qarabağ"ı sürpriz qarşısında qoyması da mümkündür. Bunun üçün kollektiv böyük qüvvə sərf etmək məcburiyyətində qalacaq. İlk görüşdə hər iki sükançının heyət baxımından da bir qədər gözlənilməz addım atması, belə düşünməyə əsas verir. Lakin "Sumqayıt"ın qarşısında hazırda əldə etdiyi 3-cü pilləni əldən verməmək kimi bir vəzifə də var. Çempionatın ötən turunda "Gənclik şəhəri" klubu "Zirə" ilə mürəkkəb oyundan baş çıxararaq, yerini qoruya bildi.

Əlbəttə, son turlara qısa nəzər salmazdan əvvəl, keçən iki tura ümumi nəzər salmaq lazımdır. İlk növbədə qeyd olunmalıdır ki, "Neftçi" qarmaqarışıq oyunlar seriyasını davam etdirir. "Sabah"la matçda "Qəbələ" ilə görüşün acı nəticəsini təkrarlamaqla, "ağ-qaralar" oyun quruculuğunda problemlərini aşkar üzə çıxardı. Sükançı sabitlik üçün lazımi heyəti sapa düzə bilmir. Səbəblər Azərbaycan futbolu şəraitində fərqli ola bilər və "mətbəx"dəki hadisələrdən xəbərimiz olmadığından çox mülahizə irəli sürmək mümkün deyil. Futbol qanunları ilə meydanda gördüklərimiz də qəribə təzadlar hissi bəxş edir. Elə buna görə yalnız onu demək olar ki, məşqçinin seçimi bir qədər səbat şübhələri doğurur. Onun üstünlük verdiyi heyətlə seçdiyi taktiki plan bir-birini tamamlamır. "Sabah"ın qapısına Hondanın vurduğu qolu referinin hesaba almaması belə, "Neftçi"nin bəhanəsi olmamalıdır. Komanda bu matçın gedişində xətlərarası əlaqəni tamamilə yox həddinə çatdırmışdı. Qarşılaşma fərdi imkanları bəlli olan bir qrup futbolçunun bir-biri ilə meydanda vəziyyətə uyğun qurduğu planlamadan və tez-tez dəyişən fiziki durumundan uzağa getmirsə, böyük iddiadan danışmağa dəyməz. Üstəlik, komanda finişə doğru autsayderlərin də dişini qıcayacağını əvvəldən bilməli və buna uyğun da planlı oyun formatını seçməli idi. "Zirə" ilə matçdakı ruh yüksəkliyi buna nümunə ola bilər. Hərçənd o görüşdə də "Zirə"nin planının dağılması böyükhesablı məğlubiyyətin səbəbi sayılmalıdır. "Zirə"nin belə hallar üçün "B" planının olmaması burada qəti üzə çıxdı. Bu məqamda komandanın yerində saymağa başlaması xüsusi qeyd olunmalıdır.

Min bir zəhmətlə əldə edilən turnir cədvəli mövqeyinə uyğun olaraq, taktiki planda dəyişiklik edib, daha aqressiv oyun göstərməkdənsə, komanda get-gedə yalnız mövqe döyüşünə keçir. Bunu hər oyun əyani müşahidə etmək olur. Görünür, "Zirə"nin gənc sükançısı karyerasının ilk ilində böyük risklərə getmək istəmir. Bununla belə, risk etmədən böyük yola çıxmaq da olmur. Hər halda, komanda üçün çox şey elə qarşıdakı turda bəlli ola bilər.

Ötən tur "Keşlə"nin prinsipial rəqiblərindən biri üzərində qələbəsi ilə yadda qalaraq, onun quyunun dibindən çıxmasına səbəb oldu. "Sabah" isə "Neftçi" ilə oyunu 7 dəqiqəyə yaxın 8 nəfərlə keçirərək, heç-heçəni qoruyub saxladı. Bu isə autsayderlərin finişdəki qəzəbinin bir nümunəsidir. Doğrudur, iki top fərqilə irəli çıxan kollektivin fiziki və funksional kondisiyası bir qədər artıq olsaydı, bəlkə meydanda fərqli mənzərə görə bilərdik. Lakin bu da rəqabətin həddini göstərir.
İndi isə finişə doğru bəzi qeydlərə keçək. Təqdim etdiyimiz son 4 turun matç qrafiki prinsipial iki rəqibin çempion titulu və daha ikisinin 3-cü yer uğrunda rəqabətinin aynası sayıla bilər. "Qarabağ"la "Neftçi"nin son görüşə qədər xal itirməyəcəyini söyləmək olmaz. "Qarabağ", ən azı, psixoloji "Zirə" səddini aşmalıdır. "Neftçi" üçün son iki tur qaynar olacaq. Hərçənd bu gedişlə komandanın bütün oyunları "asılqan" xarakteri daşıyacaq.

Tet-a-tet dueli "sülh"ü daha çox "Sumqayıt"ın xeyrinə olmuş və bundan sonra qiyabi davam edəcək rəqbətdə, həm "Gənclik şəhəri" komandasının, həm də "Zirə"nin büdrəməsi daha çox reallığa bənzəyir. Əlbəttə, Avropaya açılan qapı baxımından bu oyunlar böyük fərq verməsə də, medal qazanmaq fürsəti, zənnimcə, hər iki komanda üçün dartı qüvvəsi və ya stimul rolunu oynamalıdır.

BATI YAR

Xəbər 354 dəfə oxundu.