Bir favorit sıradan çıxarıldı
Ölkə kuboku uğrunda futbol klublarının mübarizəsində həlledici faza başlanır. Artıq yarımfinalçılar da bəllidir. Cavab görüşlərində favoritlərdən biri olan "Neftçi" "Zirə"yə iki görüşün nəticəsində əsasən, məğlub olaraq mübarizəni dayandırıb.

Bu isə ölkəmizi Avropa kubokunda təmsil edəcək iddialı klubların sırasının daha da seyrəlməsi ilə mübarizənin qəlizləşməsi deməkdir. Çünki "Neftçi"nin ilk iki sıradan birində yer alacağını təxmin etmək olar. Bu isə digər klublar arasında artıq iki cəbhədə iti rəqabəti şərtləndirir.

1/4 final qarşılaşmalarında əvvəldən də əsas düyünün məhz "Neftçi" ilə "Zirə"nin duelində vurulduğu bəlli idi. Əlbəttə, "Kəpəz" də məhz kubokdakı nəticələri ilə sensasiyaya qadir olduğunu göstərmişdi. Lakin komanda potensial baxımından, obyektiv olaraq, daha güclü "Keşlə"yə qalib gələ bilmədi. Doğma divarlar arasında, demək olar ki, matçın əvvəlindən çözülmüş kimi görünürdü. Komandaların rəqabətədavamlılığı müqayisə olunmurdu. Səfərdə minimal hesabla məğlub olan Gəncə təmsilçisi daha çox taktiki fəndgirliklə nəyəsə nail ola bilərdi. Çünki "Keşlə" oyuna inadla və qətiyyətlə çıxmışdı və seçilən taktiki plan bəhrəsini verdi: "Kəpəz" daha çox bəxtə ümid edə bilərdi.

Mərhələnin şah oyununda isə, ilk görüşdə ələ düşən yeganə fürsəti dəyərləndirən "Zirə", gözlənildiyi kimi, dərin müdafiədən "Neftçi"ni məyus etmək üçün səylərini əsirgəmədi. Başqa halda bunu risk kimi də qiymətləndirmək olardı. Lakin "Neftçi"nin ön xətdəki dişsizliyi, başqa sözlə, əsas problemlərinin mənbəyi sözünü dedi. Monroz sıraya qayıtsa da, hələ fiziki cəhətdən tam bərpa keçə bilməməsi özünü büruzə verirdi. Komandanın məşqçi korpusu hücumçu qıtlığında "Zirə"nin müdafiə redutunu qırmaq üçün heç bir yenilik edə bilmədi. Əslində, kollektivin orta xətti də bu qədər yaradıcı yükün altına girməyə hazır deyil. Bir sözlə, "Zirə" əsas vəzifənin öhdəsindən məhz "Neftçi"nin düşdüyü vəziyyətə görə gələrək, yarımfinala adlayıb və üstəlik, bu raundda da cütlüyün favoritidir. Doğrudur, aprelin sonuna qədər çox sular axa bilər. Elə buna görə də konkret proqnozlardan da bəhs etmək olmur. Üstəlik, pandemiya dövründə onsuz da təpəri bəlli klublarımız oyun elementlərində tez-tez rəng çalarını dəyişirlər.

Ümumiyyətlə, bu mərhələnin ən prinsipial və zənnimcə, maraqlı oyunu iki "S"nin dueli oldu. Səfərdə qalib gələrək hər bir üstünlüyü ələ alan "Səbail" bu mövsüm üçün ən böyük qazancını kubokla edə bilərdi. Lakin cavab görüşündə ipi əldən vermək üzrə olan hakimin də birmənalı qarşılanmayan qərarları ilə vəziyyət gərginləşdi. Rəqabətdə diqqəti çəkən maraqlı məqam isə başqa idi. Birinci oyunda, həm də səfərdə qalib qismində qarşılaşmaya başlayan "Səbail"in heç də ikinci planda oynamamaq planı üzə çıxdı. Komanda bir qol da vurub bütün sualları çözmək istəsə də, cəmi 3 dəqiqəyə çətin duruma düşdü. Buraxılan iki qolun əvəzini çıxmaq üçün komandanın potensialının mövcudluğu son ana qədər göründü. Əlbəttə, məşqçinin əvvəldən və oyunun gedişində verdiyi qərarları müzakirə etmək olar. Fəqət komandasının durumunu daha yaxşı bilən biri kimi yəqin onun öz hesabı vardı. Sadəcə, əvvəlki oyunların timsalında komandanın kubok dueli üçün seçdiyi tərz birmənalı riskli idi. Bu risk isə özünü doğrultmayanda, cavabdeh də məşqçi olur. Hər halda, kubok qarşılaşması deyil, çempionat görüşü olsaydı, yəqin ki, istənilən halda məşqçi prinsipial doğru qərarı ilə təqdir olunardı. Bununla belə bəlli problemlərinə görə baş məşqçinin heyətdə lazımi ritmi tutması və heyəti daim psixoloji cəhətdən hazır kondisiyada saxlaması üçün seçdiyi üslubu alqışlana bilər.
Artıq yarımfinalçıları bəlli olan kubok mübarizəsinin final favoritləri də var. Bu isə o deməkdir ki, həmin oyunlara qədər milli çempionatdakı nəticələrə iki prizmadan baxmaq və təhlil etmək lazım gələcək.

BATI YAR

Xəbər 368 dəfə oxundu.