Prinsipial görüşlər martda olacaq
Liderlik arxayın salmamalıdır

Azərbaycan milli futzal komandası qitə çempionatının seçmə qrup mərhələsinə uğurla başlayıb. Komanda ilk görüşlərdə əldə etdiyi qələbələrlə vahid liderliyə yüksəlib.

Əgər ötən iki oyuna ayrı-ayrılıqda nəzər salsaq, doğma divarlar arasında komanda Slovakiya ilə görüşdə xal itirə bilərdi. İlk hissədə pərakəndəlik təkcə fiziki hazırlıqda deyil, bütün oyun komponentlərində özünü büruzə verirdi. Taktiki çiylik və baş məşqçinin əvvəlcədən elan etdiyi kimi, hazırlıqlarda diqqət edilən standart vəziyyətlərin ifası sanki bəhrəsini vermirdi. Lakin ikinci hissənin sonlarına doğru rəqib, necə oldusa, qəfil oyundan qopub ritmdən düşməyə başladı. Bu isə ev sahiblərinin işinə yaradı. İkinci qol komandanın qələbəyə yolunu açdı.

Əlbəttə, pandemiya dövrünün təsirləri açıq-aşkar hiss olunurdu. Komandanın nəinki oyunsuzluğu, hətta futzalçıların uzun müddət meydandan aralı düşməsi sözünü deyirdi. Bu məsələdə bəlkə də vahid hazırlıq konsepsiyasının olmaması, xüsusən pandemiya şəraitində komandanın oyun və hazırlıq planının yoxluğu işini gördü.
Sadəcə, onu demək yetər ki, heç olmazsa, sentyabr ayından başlayaraq, milli komanda və ondan da əvvəl fərdi qaydada futzalçılar üçün proqramlar hazırlanmalı, buna əməl olunmasına ciddi nəzarət təmin olunmalı idi.

Bütün bunlara rəğmən komanda Afinada daha inamlı göründü. Buna səbəb isə qarşılaşmanın elə ikinci dəqiqəsində ev sahiblərinin iki buraxılan qolla şoka düşməsi oldu. Daha sonra milli komanda oyun quruculuğundakı problemləri ilə qalsa da, müdafiə səfini yetərincə qoruya bildi. Hər halda mart ayına qədər baş məşqçi milli assosiasiya ilə danışıqlar apararaq futzalçıların, heç olmazsa, lazımi hazırlıq səviyyəsində olmasını təmin etməlidir. İlk baxışda, milli komanda lider olsa da, yarışın göstərdiyi kimi qarşıdakı prinsipial rəqib Moldovadır. Bu komanda ilə iki oyunun cəminə görə müsbət saldoya nail olmaq lazımdır. Axı, milli komanda mübarizə çərçivəsində Slovakiyanın da qonağı olmalıdır. Oradan yığmanın hansı nəticə ilə qayıdacağı bəlli deyil.

Bir sözlə, "mübarizə hələ indi başlanır", deyə bilərik. Erkən arxayınlaşma yığmanı əsas vəzifə olan 1-ci yerlə birbaşa final mərhələsinə vəsiqədən məhrum edə bilər. Söz yox ki, ikinci yerin də çox şansı var. Lakin bütün ikinci yer sahibləri arasında ən yaxşı nəticəyə bağlı tapmacanı həll edənə qədər, artıq mart ayının ilk ongünlüyündə Bakıda və Kişinyovda bütün problemləri çözmək olar.

BATI YAR

Xəbər 375 dəfə oxundu.