Sabah Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulacaq
Sabah Çempionlar Liqasında (ÇL) III təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulacaq. Turnirdə ölkəmizin yeganə təmsilçisi olan “Neftçi” çox çətin vəzifənin öhdəsindən gəlməyə cəhd edəcək.

Belə ki, “ağ-qaralar” İsraildə “Hapoel”ə 0:4 hesabı ilə uduzduğundan, evdəki təkrar matçı demək olar formallığa çevirdi. Hər halda, “Neftçi” ÇL-də son təsnifat mərhələsinə çıxmağına ümid etmək üçün ən azı 4 qol vurmalıdır ki, bu zaman öz qapısının toxunulmazlığı qorumalıdır. Çünki rəqibin vurduğu hər qola ikisi ilə cavab vermək lazım gələcək. “Neftçi”nin bu biabırçı məğlubiyyətin əvəzini çıxıb, mərhələ adlayacağı inandırıcı görünməsə belə, istənilən halda, ölkəmizin reytinq xalını artırmaq, Avropanın ən nüfuzlu turnirində qapını möhkəm çırpmaq baxımından evdə nəticə qazanmaq lazımdır.

“Neftçi” səfərdəki darmadağından sonra heyətlə bağlı islahatlara başladı. Belə ki, qapıçı Rauf Mehdiyev, müdafiəçilər – kapitan Rail Məlikovla İqor Mitreski transferə çıxarıldı. Raufu serbiyalı həmkarı Saşa Stamenkoviçin əvəzləyəcəyi şübhə doğurmur. Müdafiə xəttində isə yerli futbolçu Saşa Yunisoğlu ilə Tərlan Quliyevin yer alacağı gözlənilir.

Bakılılar ÇL-də çıxışını başa vuracağı halda, avrokuboklara qatılacaq. Qaydaya görə, bu mərhələdə uduzan komandalar qitə miqyasında çıxışını başa vurmayaraq, Avroliqaya yollanırlar. Orada da son təsnifat mərhələsidir və qalib gələnlər qrup mərhələsinə düşürlər. ÇL-də son təsnifat mərhələsinə çıxanlar isə avtomatik bu hüquqa yiyələnirlər.

“Neftçi”nin Avroliqada son təsnifat mərhələsi oyunlarına qədər heyətinə yeni futbolçular cəlb edib, UEFA-ya göndərdiyi iştirak ərizəsində dəyişiklik etmək imkanı olacaq. Avqustun son 10 günlüyündə keçiriləcək həmin matçlarda rəqib isə artıq bu cümə keçiriləcək püşkatmada müəyyənləşəcək.

Xəbər 976 dəfə oxundu.