Veliçko Çalakov: "Mən Azərbaycanın idmançısıyam"
“Londona problemlərlə gəlmişdim. Dişlərim ağrıyırdı, temperaturum var idi. 6 gün məşqlərdən kənar qaldım. Bu da formama təsir etdi”. Bu sözləri ağırlıqqaldırma üzrə Azərbaycan milli komandasının üzvü Veliçko Çalakov deyib.

London Yay Olimpiya Oyunlarına yollanan, lakin zədə üzündən mübarizəyə qoşulmayan idmançı Bolqarıstan mətbuatına açıqlamasında gələcək karyerası ilə bağlı qeyri-müəyyənliyin hökm sürdüyünü bildirib: “2 gün əvvəl sağ biləyimi əzdim. Belə vəziyyətdə Olimpiadaya qatılmamağa qərar verdim. Yarışda çıxış etməməyim azərbaycanlıları o qədər də üzmür. Çünki durumumu görürdülər. İndi gələcəyimin necə olacağını bilmirəm. Bolqarıstana qayıdıb Azərbaycandan zəng gözləyəcəyəm. Yenidən ora getməyə hazıram. Mən Azərbaycanın idmançısıyam. Federasiya rəhbərliyi avqustun sonunda yığışacaq. Onların mənimlə bağlı hansı qərar verəcəyindən asılı olmayaraq, 2 il üçün təşəkkür etməliyəm”.

Qeyd edək ki, Çolakov Afina-2004-də Bolqarıstanı təmsil edərək Olimpiya Oyunlarının bürünc mükafatını qazanıb.

Xəbər 1253 dəfə oxundu.