Bakıda “Khojaly Global Promotion-3” beynəlxalq peşəkar boks turniri keçiriləcək
İyunun 20-də “Xocalıya ədalət!” şüarı altında “Khojaly Global Promotion-3” beynəlxalq peşəkar boks turniri keçiriləcək.

Mərdəkanda yerləşən istirahət mərkəzində keçiriləcək yarışda Azərbaycanla yanaşı, Gürcüstan və İranı da təmsil edən peşəkar idmançılar mübarizə aparacaqlar.

Bununla bağlı iyunun 19-da təşkil olunan mətbuat konfransında iştirak edən “Khojaly Global Promotion” şirkətinin prezidenti, promouter Ehram Məcidov yarış barədə məlumat verib: “Əsas məqsədimiz ilk növbədə Azərbaycanda bu idman növünü inkişaf etdirmək və Xocalı soyqırımını dünya idman ictimaiyyətinə tanıtmaqdır. Təbii ki, bununla bağlı bizim xüsusi təbliğat proqramımız var. Belə ki, şirkətimiz xarici və yerli idmançılara kitab şəklində hazırlanmış buklet təqdim edir. Həmin bukletlərin bir üzündə yarışda iştirak edəcək idmançıların fotoları, digər üzündə isə Xocalı faciəsi ilə bağlı ingilis dilində məlumatlar dərc olunur. Burada Xocalı faciəsində həlak olmuş insanların fotoları və ingilis dilində statistik məlumatlar (neçə qadın, neçə yaşlı və neçə uşaq) yerləşdirilib.

“Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə, eləcə də Kikboksinq, Kunq-Fu, Muay-Tay və MMA, Peşəkar Boks federasiyalarının idmançıları “Khojaly Global Promotion” şirkətinin təşkil etdiyi yarışlarda iştirak edirlər. Yarışda 7 peşəkar boksçumuz iştirak edəcək. Turnirdə Azərbaycan idmançıları ilə yanaşı, Gürcüstan və İranı təmsil edən peşəkar boksçular da yarışacaqlar. Budəfəki yarışda peşəkar boksçularla bərabər, peşəkar K1, MMA, kunq-fu, muay-tay döyüşləri də mübarizə aparacaqlar. Gələcəkdə “Khojaly Global Promotion” şirkətinin filiallarını açacaq və şirkətin inkişafı üçün çalışacağıq. Həmçinin dünya idmanının tanınmış simalarını Xocalı faciəsi barədə həqiqətləri barədə məlumatlandıracağıq”, - deyə federasiya rəsmisi əlavə edib.

Qeyd edək ki, turnir pandemiya şəraiti ilə əlaqədar açıq havada təşkil olunacaq. Döyüşlər Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalar çərçivəsində təşkil ediləcək, həm yerli, həm də xarici iştirakçılar COVID-19 testi verəcəklər. Yarışlar saat 20:00-da başlayacaq.

Xəbər 452 dəfə oxundu.