“Qarabağ Azərbaycandır!” devizi altında keçirilən futbol turnirinin finalçıları müəyyənləşib
Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) Vətən müharibəsində Qələbəyə həsr etdiyi “Qarabağ Azərbaycandır!” futbol turnirinin iyunun 19-da yarımfinal mərhələsinin oyunları keçirilib.

Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərova adına məktəb-lisey kompleksinin stadionunda təşkil olunan matçlarda əvvəlcə “Qubadlı” və “Ağdam” komandaları qarşılaşıblar. “Qubadlı” komandası rəqibini 9:2 hesabı ilə məğlub edərək finala yüksəlib.

Yarımfinalın digər oyununda isə “Zəngilan” yığması “Füzuli” komandasının futbolçuları ilə mübarizə aparıb. “Zəngilan” komandası hesabda iki dəfə irəli çıxsa da, üstünlüyü qoruya bilməyib. Görüşün taleyi reqlamentə əsasən, penaltilər seriyasında həll edilib. Bu mərhələdə “Füzuli” komandası 3:1 hesablı qələbə qazanaraq adını finala yazdırıb.

Qeyd edək ki, final oyunu və 3-cü yer uğrunda matç 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günündə baş tutacaq.

Xəbər 534 dəfə oxundu.