Avropa çempionatında iki boksçumuz dörddəbir finala yüksəlib
İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı davam edir.

41 ölkənin təmsilçilərinin qatıldıqları yarışın ikinci günündə Azərbaycan millisinin iki üzvü rinqə çıxıb. Birinci görüşdə gürcü Uça Jorjolianiyə qalib gələn Ruslan Rüstəmov (64 kq) səkkizdəbir finalda rusiyalı Maqomed Şamsayev ilə qarşılaşıb. Boksçumuz bu qarşılaşmanı da qələbə ilə başa vurub – 4:1. O, dörddəbir finalda Almaniya təmsilçisi David Gevorqyan ilə üz-üzə gələcək. Qarşılaşma iyunun 21-də baş tutacaq.

Mirəşrəf Kazımzadə (75 kq) isə yarışa Gürcüstanı təmsilçisi Arşak Yelizbaryanı məğlub etməklə başlayıb. O, səkkizdəbir finalda macarıstanlı Robert Cservenkadan üstün olub - 5:0. M.Kazımzadə iyunun 21-də dörddəbir finalda ukraynalı Boqdan Tolmaçovu sınağa çəkəcək.

Bu gün daha beş boksçumuz səkkizdəbir final qarşılaşmasına çıxacaq.

Yığmamızın yarışa 7 idmançı ilə qatılıb. Turnirin final görüşləri iyunun 24-də keçiriləcək.

Xəbər 363 dəfə oxundu.