Tokio Olimpiadası tamaşaçısız keçirilə bilər
Yaponiya hökumətinin yeni koronavirusun yayılmasına qarşı tədbirlərin hazırlanması üzrə işçi qrupunun ekspertləri Yay Olimpiya Oyunlarının Tokioda tamaşaçısız keçirilməsinə üstünlük verdiklərini bildiriblər.

Bu barədə Kyodo agentliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, yarışların tamaşaçısız keçirilməsi idman müəssisələrində koronavirusun yayılma riskinin ən aşağı olmasına gətirib çıxaracaq. Tokio Olimpiadasının təşkilat komitəsinin rəhbəri Seyko Haşimoto öz növbəsində bu mövzu ilə bağlı son qərar verilərkən ekspertlərin rəylərinin nəzərə alınacağını bildirib.

Xatırladaq ki, Tokio Olimpiadası 2020-ci ildə keçirilməli idi, lakin koronavirus pandemiyasına görə yarışlar bir il müddətinə təxirə salınıb. Martda təşkilatçılar əcnəbi azarkeşlərin yarışlara buraxılmaması barədə qərar qəbul ediblər. Yapon tamaşaçılara gəlincə isə bu barədə qərar ölkədə koronavirusla bağlı vəziyyət nəzərə alınmaq şərti ilə iyunda qəbul ediləcək.

Xəbər 364 dəfə oxundu.