“Avro-2020”: Uels milli komandası birinci hissəyə minimal hesablı üstünlüklə yollanıb
İyunun 16-da “Avro-2020”nin A qrupu çərçivəsində oynanılan Türkiyə - Uels qarşılaşmasında birinci hissə başa çatıb.

Komandalar fasiləyə Uels millisinin minimal hesablı üstünlüyü ilə yollanıblar.

“Ay-ulduzlular” çempionatın açılış matçında İtaliyaya 0:3 hesabı ilə uduzduğundan, Uels isə birinci görüşdə İsveçrə ilə heç-heçə (1:1) etdiyindən hər iki komanda oyuna sürətli hücumlarla başlayıblar. Matçda ilk təhlükəli vəziyyət 6-cı dəqiqədə qeydə alınıb. Qaret Beylin cərimə meydançasına gözəl ötürməsindən sonra bir müdafiəçini keçən Aaron Remsinin qüvvətli zərbəsini Uğurcan Çakır çətinliklə meydandan çıxarıb.

Üç dəqiqə sonra Türkiyə millisi rəqibin qapısı qarşısında təhlükəli vəziyyət yaradıb. Sürətli hücum təşkil edən Cengiz Ünderin sağ cinahdan cərimə meydançasına ötürməsindən sonra Burak Yılmazın qüvvətli zərbəsini rəqib qapıçı çətinlikdə dəf edib.

Qarşılaşmanın 24-cü dəqiqəsində Qaret Beylin ideal ötürməsindən sonra əlverişli zərbə mövqeyinə çıxan Aaron Remsinin vurduğu top qapının üstündən keçib.

Matçın 29-cu dəqiqəsində Türkiyə futbolçularının ardıcıl iki künc zərbəsindən sonra başla zərbələrini hər iki halda son anda müdafiəçilər qapı xəttindən uzaqlaşdırıblar.

Oyunda hesab matçın 42-ci dəqiqəsində açılıb. Türkiyə komandasının müdafiə xəttinin arxasına ideal ötürmədən sonra qapıçı ilə təkbətək qalan Aaron Remsi oyunda hesabı açıb – 1:0.

Birinci hissə bu hesabla başa çatıb.

Xəbər 385 dəfə oxundu.