Samir Abasov: “Dinamo”nun əsas üstünlüyü Gürcüstan çempionatının hazırda davam etməsidir
İndi rəqib haqqında fikir bildirmək çətindir. Artıq bu gündən rəqibi təhlil etməyə, araşdırmağa başlayacağıq. Tbilisi “Dinamo”sunun əsas üstünlüyü Gürcüstan çempionatının hazırda davam etməsidir.

Bunu Bakının “Neftçi” futbol klubunun baş məşqçisi Samir Abasov UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində püşkün nəticəsinə münasibət bildirərkən deyib.

Təcrübəli mütəxəssis bildirib ki, "Dinamo" formadadır və iki gün əvvəl “Samtredia”ya səfərdə 2:0 hesabı ilə qalib gəlib. Digər tərəfdən “Dinamo”nun baş məşqçisi Kaxaber Tsxadadzeni yaxşı tanıyırıq. Bakı “İnter”ində onun rəhbərliyi altında oynamışam, nəyə qadir olduğunu bilirəm. Düzdür, müəyyən problemlərimiz var. Məsələn, viza problemi ilə əlaqədar bəzi futbolçularımız hazırlığa qoşula bilməyiblər, millidən qayıdanlara isə yorğun olduqları üçün istirahət verilmişdi. Bunu panikaya düşmək üçün demirəm, tam ciddiyyəti ilə oyuna hazırlaşacağıq. Təbii ki, üstünlüklərimiz də var.

"Açığı püşkdən əvvəl soruşsaydınız, rəqiblər arasında fərq qoya bilməzdim. Kimliyindən asılı olmayaraq, rəqibi eyni cür təhlil edib hazırlaşacaqdıq. Öz prizmamızdan baxsaq, Çempionlar Liqasında böyük təcrübəsi olan komanda deyilik, uzun illərdir bu turnirdən uzaq qalmışıq. Bu, bizim üçün bir sınaq olacaq və inanıram ki, bu sınaqdan üzüağ çıxacağıq. Əlbəttə, mərhələni adlamaq şansımız var. İnşallah, xalqımızın, azarkeşlərimizin dəstəyilə mərhələni adlayacağıq”, - deyə S.Abasov əlavə edib.

Qeyd edək ki, “Dinamo” ilə ilk oyun iyulun 6-7-də səfərdə, cavab matçı isə ayın 13-14-də “Bakcell Arena”da keçiriləcək.

AZƏRTAC

Xəbər 430 dəfə oxundu.