“Avro-2020”: Almaniya millisi Münxendə Fransa yığması ilə qarşılaşacaq
İyunun 15-də futbol üzrə 16-cı Avropa çempionatının qrup mərhələsinin birinci turuna yekun vurulacaq.

Gün ərzində F qrupunda iki qarşılaşma oynanılacaq.

Günün birinci oyunu Macarıstan millisi ilə turnirin sonuncu qalibi Portuqaliya yığması arasında olacaq. Budapeştdəki “Puşkaş Arena”da gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyunu türkiyəli referi Cüneyt Çakır idarə edəcək.
“Avro-2020”nin qrup mərhələsinin birinci turunun mərkəzi qarşılaşmasında çempionluğa əsas namizədlərdən Almaniya və Fransa milli komandaları üz-üzə gələcəklər. Münxendə oynanılacaq görüşün baş hakimi ispaniyalı Karlos del Serro Qrande olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Bu komandalar böyük turnirlərin qrup mərhələlərində ilk dəfədir üz-üzə gəlir. Sonuncu dəfə “Avro-2016”nın yarımfinalında keçirilən qarşılaşmada fransızlar 2:0 hesablı qələbə qazanıblar.

Almaniya millisi qitə birinciliklərində ən çox çempion olan iki komandadan biridir. 1972-ci, 1980-ci və 1996-cı illərdə Avropa çempionu olan almanların bu rekordunu 1964-cü, 2008-ci və 2012-ci illərdə kuboku başı üzərinə qaldırmış ispanlar təkrarlayıblar. Həmçinin Almaniya seçməsi bu çempionatın finalına ən çox – 6 dəfə vəsiqə qazanmış yeganə komandadır.

Fransa yığması isə iki dəfə - 1984-cü və 2000-ci illərdə Avropa çempionu adını qazanıb.

Xatırladaq ki, Bakı Olimpiya Stadionu iyunun 16-da Türkiyə-Uels, dörd gün sonra İsveçrə-Türkiyə görüşünə ev sahibliyi edəcək. İyulun 3-də isə çempionatın dörddəbir final mərhələsinin bir qarşılaşması Bakıda oynanılacaq.

“Avro-2020”nin final matçı iyulun 11-də Londondakı “Uembli” stadionunda keçiriləcək.

Xəbər 336 dəfə oxundu.