Firdovsi Fərzəliyev: Olimpiya Oyunlarında qalib gələcəyimə inanıram
Parisdə karateçilərin Olimpiya təsnifat turnirində güclü rəqiblər mübarizə aparırdılar və görüşlərin çətin olacağını bilirdim. Bununla belə özümə inanırdım. Gün ərzində on döyüş keçirdim. Sevinirəm ki, yaxşı nəticə qazandım.

Bu fikirləri Parisdə keçirilən karateçilərin Olimpiya təsnifat turnirində uğurla çıxış edərək Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanan Firdovsi Fərzəliyev müsahibəsində deyib.

Yarışda əsas hədəfinin “Tokio-2020”yə vəsiqə qazanmaq olduğunu vurğulayan idmançı deyib: “Arzum Tokio Olimpiadasına vəsiqə qazanmaq idi. İndi isə ən böyük arzum Tokio Olimpiadasının qalibi olmaqdır. İnanıram ki, Olimpiya Oyunlarında qalib gələcəyəm”.

F.Fərzəliyev bildirib ki, əvvəllər 60 kiloqram çəki dərəcəsində yarışlara qatılsa da, Parisdəki turnirdə Olimpiya çəki dərəcəsi olan 67 kiloqram çəkidə mübarizə aparıb.

AZƏRTAC

Xəbər 359 dəfə oxundu.