Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ölkəmizin bir qrup idmançıları və məşqçiləri ilə görüşmüşdür
Dövlətimizin başçısı Heydər Əliyev onları salamlayaraq dedi:
- Mənə məlumat verdilər ki, idmançılar mənimlə görüşmək istəyirlər. Mən də həmişə belə təkliflərə çox müsbət münasibət göstərirəm. Ona görə də sizinlə görüşə gəlmişəm. Əgər görüşmək istəmisinizsə, onda sizi dinləyirəm.
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə söz alaraq dedi:
- Möhtərəm cənab prezident!
Bu gün Azərbaycan idman ictimaiyyətinin görkəmli nümayəndələrinin zati-alilərinizin hüzuruna toplaşmasının bir səbəbi vardır.
Beynəlxalq Olimpiya Komitəsi bəşəriyyət tarixinin yeni əsrinin, yeni minilliyinin başlanması münasibəti ilə, öz ölkələrində Olimpiya Hərəkatının inkişafına, Olimpiya ideallarının yayılmasına rəvac verən, onu dəstəkləyən dövlət başçılarını təbrik etmək üçün xüsusi orijinal hədiyyə hazırlamışdır.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti cənab Xuan Antonio Samarançın Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevə ünvanladığı məktubda göstərilir ki, Beynəlxalq Olimpiya Komitəsi 2000-ci il münasibəti ilə dövlət başçılarına təqdim etmək üçün incəsənət əsəri yaratmaq qərarına gəlmiş və nəticədə məşhur heykəltəraş Naq Arnoldi bürüncdən “2000-ci ilin Olimpiya qapıları” adlı əsər yaratmışdır. Cənab Samaranç Milli Olimpiya Komitəmizin prezidenti cənab İlham Əliyevdən xahiş etmişdir ki, bu nadir incəsənət əsəri Azərbaycanın Prezidenti möhtərəm Heydər Əliyevə təntənəli şəkildə təqdim olunsun. Bu gün biz məhz təntənəli mərasimin iştirakçılarıyıq.
Cənab prezident, icazənizlə, “2000-ci ilin Olimpiya qapıları” əsəri və onun müəllifi Naq Arnoldi haqqında qısa məlumatı Sizin diqqətinizə çatdırmaq istəyirəm.
1928-ci ildə İtaliyanın Tisiano şəhərində anadan olmuş heykəltəraş Naq Arnoldinin bədii təxəyyülü 1950-ci illərdə Pablo Pikassonun və alman ekspressionist rəssamlarının Milanda təşkil edilmiş sərgilərinin təsiri altında formalaşmışdır. 1954-cü ildə təşkil edilmiş ilk fərdi sərgisi istər vətənində, istərsə də kənarda onu incəsənət aləmində cərəyan edən böyük hadisələrin baş qəhrəmanına çevirir.
Dünyanın məşhur sənətkarları David Alfaro Siqeyros və Rufino Tamoyo ilə bilavasitə və canlı təmasda olan, onların yaradıcılığından bəhrələnən Naq Arnoldi 70-ci illərdən başlayaraq, heykəltəraşlıq sənətinə üstünlük verir. O, 80-ci illərdə Frankfurt, Florensiya, Roma, Verona, Orvisto və digər şəhərlərdə böyük fərdi sərgilərini təşkil etmişdir. Onun yaratdığı heykəllər İsveçrədə və digər ölkələrdə ucaldılmışdır.
Bu gün Sizə təqdim olunacaq “2000-ci ilin Olimpiya qapıları” əsəri Lozannada Beynəlxalq Olimpiya Komitəsinin qərargahı önündə ucaldılacaq “böyük qapılar”ın kiçik surətidir. Rəmzi olsa da, eyni zamanda gerçək reallığı əks etdirən, yeni nailiyyətlərə və qələbələrə doğru geniş açılmış bu qapılar bütün dünya xalqlarını yeni minilliyin Olimpiya oyunlarına dəvət edir, onları 2000-ci ilin astanasından keçməyə çağırır. Gələcəyə açılan bu qapılar Azərbaycan idmançıları, olimpiyaçılar üçün xüsusi ilə əziz və əlamətdardır. Biz bu astanadan üzüağ, alnıaçıq keçirik.
Son illərdə Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında, bilavasitə onun əməyi və səyləri nəticəsində Azərbaycanda Olimpiya Hərəkatı geniş inkişaf tapmış, idmançılarımızın gələcəyinə böyük ümidlər yaranmışdır.
Azərbaycan idmançılarının, idmansevərlərinin ən böyük sevinci, ən böyük qüruru ondan ibarətdir ki, biz hamımız üçüncü minilliyə açılan “2000-ci ilin qapıları”ndan, möhtərəm prezident, cənab Heydər Əliyev, Sizinlə birlikdə keçirik. İcazə verin, Azərbaycanın ən görkəmli idmançıları, olimpiya çempionları Rəfiqə Şabanova və Nazim Hüseynov Beynəlxalq Olimpiya Komitəsinin hədiyyəsini Sizə təqdim etsinlər.
Olimpiya çempionları Rəfiqə Şabanova və Nazim Hüseynov Beynəlxalq Olimpiya Komitəsinin rəmzi hədiyyəsini prezident Heydər Əliyevə təqdim etdilər, respublikamızın rəhbərini təbrik etdilər, ona uzun ömür, cansağlığı arzuladılar.
Gənclər və idman naziri, Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti Əbülfəs Qarayev dövlətimizin başçısına müraciətlə dedi:
- Möhtərəm cənab prezident, icazənizlə, Sizə respublikanın yığma komandasının Olimpiya oyunlarına hazırlığı haqqında qısa məlumat vermək istəyirəm.
Respublikamızın həyatında mühüm və yaddaqalan tədbirlərin keçirilməsi ilə zəngin olan 1999-cu il idman nailiyyətlərimizin də yüksəlməsini, ümumiyyətlə, idmanımızın inkişafını, idman sahəsində digər ölkələrlə əlaqələrin möhkəmlənməsini təcəssüm etdirən dövr kimi də fərqlənmişdir. Məhz ötən il respublikamızda bir sıra çox əhəmiyyətli idman tədbirləri keçirilmiş, bu tədbirlər öz kütləviliyi ilə idmansevərlərin və idman ictimaiyyətinin xüsusi diqqətini və rəğbətini qazanması ilə seçilmişdir.
İstər Olimpiya oyunları proqramına daxil olan boks üzrə respublikamızda ilk dəfə keçirilən yeniyetmələrin dördüncü Avropa birinciliyi, 18 yaşlılar arasında futbol üzrə Avropa çempionatının seçmə yarışları, master-ralli üzrə dünya kubokunun bir mərhələsi, istərsə də müxtəlif idman növləri üzrə milli yığma komandalarımızın beynəlxalq yarışlardakı çıxışları və qazandıqları uğurlar, möhtərəm prezidentimizin, şəxsən Sizin diqqət və qayğınız, xeyir-duanız sayəsində əldə edilmiş müvəffəqiyyətlərdir.
1999-cu il respublikamızın idman həyatında qarşıdan gələn XXVII Yay Olimpiya Oyunlarına hazırlığın xüsusi mərhələsi kimi diqqəti cəlb etmişdir. Ötən il keçirilən bütün yarışlar, demək olar ki, Olimpiya oyunlarında iştirak etmək, parlaq qələbələr qazanmaq kimi ali məqsədə doğru istiqamətlənmiş, idmançılarımızın peşəkarlığının, ustalağının, ruh yüksəkliyinin artırılmasında xüsusi rol oynamışdır. 1999-cu ildə qarşımızda duran ən mühüm vəzifə - Olimpiya oyunlarına hazırlığın səmərəli, mütəşəkkil aparılması və bununla bağlı bir sıra problemlər həll olunmuşdur.
Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və digər idman strukturları öz qüvvələrini səfərbər edərək, Olimpiya oyunlarına hazırlıq işini hələ 1997-ci ildə qəbul edilmiş konsepsiyaya uyğun olaraq həyata keçirmişdir. Olimpiya mərhələsində intensiv və keyfiyyətli hazırlığın təmin olunması üçün yüksək ixtisaslı idmançılar hazırlanması sisteminin təkmilləşdirilməsi, idman nailiyyətlərinin proqnozlaşdırılması, idmançı şəxsiyyətinin sosial-psixoloji əsasları, məşq proseslərinin planlaşdırılması, idmançıların sosial və məişət problemləri və digər məsələlər öz həllini tapmışdır.
Nazirlik Milli Olimpiya Komitəsi ilə birlikdə Olimpiya oyunlarına hazırlığın tərkib hissəsi kimi yığma komandalarımızın məşqlərinə daim nəzarət yetirmiş, idman nümayəndə heyətlərinin beynəlxalq turnirlərdə, dünya və Avropa çempionatlarında, kubok və qitə yarışlarında iştirakını təmin etmişdir. Olimpiya oyunlarına namizəd idmançıların və yığma komandaların məşqçilərinin fərdi iş planları tərtib edilmiş, Beynəlxalq Olimpiya Komitəsi ilə birlikdə bu idmançıların və onların məşqçilərinin olimpiya dövrünün sonuna qədər xüsusi təqaüdlə təmin edilməsinə nail olunmuşdur.
Təbii ki, görülən hər işin əhəmiyyətini, uğurunu, onun nəticəsi ilə ölçmək lazımdır. Mən bu gün tam qətiyyətlə deyə bilərəm ki, nəticələrimiz çox sevindirici, fərəhli olmuş, 1999-cu ildə idmançılarımız tərəfindən respublikamıza 166 medal gətirilmiş, o cümlədən 70 qızıl, 45 gümüş və 21 bürünc medal Olimpiya idman növləri üzrə qazanılmışdır.
1999-cu ildə göstərilən digər nəticələr isə bütün idmansevərlərin sevincini ikiqat artırmış, respublikanın idman həyatında əsl canlanmaya səbəb olmuşdur. Belə ki, ötən il keçirilən bəzi yarışların lisenziya xarakterinə malik olduğunu nəzərə alsaq, əldə etdiyimiz nailiyyətlərin həm keyfiyyət, həm də kəmiyyət baxımından çox böyük əhəmiyyət daşıdığını qeyd etməliyik. Ötən il Olimpiya oyunlarına hazırlıq dövründə əldə olunan ən yüksək nailiyyət idmançılarımızın müxtəlif miqyaslı beynəlxalq yarışlarda böyük əzmkarlıq və iradə göstərərək 12 Olimpiya vəsiqəsi qazanmasıdır. Onlardan üçü boks, üçü sərbəst güləş, üçü ağırlıqqaldırma, biri cüdo, biri güllə atıcılığı, biri isə yüngül atletika üzrədir.
Möhtərəm cənab prezident, bu yüksək nailiyyətləri əldə etmiş idmançıların böyük bir qrupu buradadır, Sizinlə görüşə öz arzuları ilə gəliblər ki, Sizə bu barədə məlumat versinlər.
Olimpiya oyunlarına hazırlığın sonuncu mərhələsi 2000-ci ildə davam etməkdədir. Belə ki, cüdo, yunan-Roma güləşi, sərbəst güləş və boks üzrə respublikamıza yeni lisenziyalar gətirilməsi məqsədi ilə lisenziya yarışlarında iştirak etmək üçün məqsədyönlü iş aparılır. Diqqətinizə çatdrmaq istərdim ki, ölkəmizə digər 6 vəsiqə beynəlxalq federasiyalarla aparılan danışıqlar əsasında verilmişdir ki, bu idman növlərində də vətənimiz Olimpiya oyunlarında təmsil olunmaq hüququ qazanmışdır. Artıq bu il yunan-Roma güləşi üzrə perspektivli idmançılarımız İtaliyada, sərbəst güləşçilərimiz Minskdə, cüdo güləşi üzrə idmançılarımız Moskva şəhərində keçirilən beynəlxalq turnirlərdə iştirak edərək, reytinq cədvəlinə əsasən, müəyyən xallar toplamışlar ki, bu da onların sonrakı yarışlarda yeni lisenziyalar əldə edəcəklərinə zəmin yaratmışdır.
Son olaraq qeyd etmək istərdim ki, Azərbaycanda idmanın inkişafında, dirçəlişində çəkdiyiniz böyük zəhmət, göstərdiyiniz diqqət və qayğı hədər getməmişdir. Azərbaycanı dünyaya tanıdan böyük idmançılar nəsli yetişmişdir və yetişməkdədir. Biz inanırıq və ümid edirik ki, müstəqil Azərbaycan Respublikası bütün maneələri dəf edərək, idman olimpində öz layiqli yerini tutacaq, idmançılarımız ölkəmizin şərəfini ləyaqətlə qoruyacaqlar.
Möhtərəm cənab prezident, Sizin fərmanınızla bu gün Azərbaycan gəncləri günü kimi qeyd olunur. Məhz bu gün idmançıların buraya gəlməsi rəmzi xarakter daşıyır. Bu gün Azərbaycanın bir çox şəhərlərində, rayonlarında Gənclər günü ilə bağlı silsilə tədbirlər keçirilir. Buraya gəlməmişdən qabaq hamımız gənc rəssamların əsərləri sərgisinin açılışında iştirak etdik. İcazənizlə, mən gənc rəssamların əsərləri sərgisinə həsr olunmuş xüsusi bukleti və 1998-ci ildə müstəqil Azərbaycan Respublikası Gənclərinin II Forumunun materiallarından ibarət yeni çapdan çıxmış kitabı Sizə təqdim edim.
Gənclər və idman naziri Əbülfəs Qarayev bukleti və kitabı respublikamızın rəhbəri Heydər Əliyevə təqdim etdi və əlavə olaraq dedi ki, möhtərəm Prezident, bu gün axşam Respublika sarayında gənc istedadların böyük konserti də nəzərdə tutulmuşdur. Gənc istedadlar xahiş etdilər ki, vaxtınız olsa, konsertə təşrif buyurasınız. Minnətdarlığımı bildirirəm.
Heydər Əliyev çıxış etdi. (çıxışın tam mətni ilə saytımızın digər bölməsində tanış ola bilərsiniz)
Cüdo üzrə dünya çempionu, Sidney Olimpiya Oyunlarına vəsiqə qazanmış Zülfiyyə Hüseynova dövlətimizin başçısı Heydər Əliyevə idmançıların dərin minnətdarlığını bildirərək dedi:
- Çox hörmətli cənab prezident, biz Sizin fikirlərinizlə tam razıyıq. Həqiqətən də, ölkəmizdə idmana qayğı çox yüksəkdir. Biz hamımız Azərbaycan xalqını təmsil edirik. Ola bilər ki, “ağzıgöyçəklər” ağızlarına gələni danışırlar. Amma bütün idmançılar, idmanın içərisində olan insanlar bilirlər ki, siz öz qayğınızla Azərbaycan idmanını, doğurdan da, çox yüksəklərə qaldırırsınız.
Siz dediniz ki, biz Sizə ilham veririk. Elə Sizin də sözləriniz, sözün əsl mənasında, bizə ilham verir. Düzdür, böyüklər gənclərlə fəxr etdiyi kimi, gənclər də böyüklərlə fəxr edir. Yəni Siz olmasanız, biz də olmarıq. Biz olmasaq da, haradasa, necə deyim...
Heydər Əliyev: Biz olmarıq.
Zülfiyyə Hüseynova: Bəli, doğrudan da, çox fərəhli haldır ki, Siz idmançıları çox gözəl başa düşürsünüz. Mən bildiyimə görə, Siz özünüz də gənc yaşlarınızda idmanla məşğul olmusunuz. Maşallah, indi də gəncsiniz. Bizimlə bir yerdəsinizsə, Siz də bizim kimi gəncsiniz. Xalqımızın belə bir məsəli var: “Ot kökü üstə bitər”. Doğrudan da, biz çox sevinirik ki, məhz İlham müəllim Milli Olimpiya Komitəsinin prezidentidir.
Çünki İlham müəllim idmana gələndən sonra, sözün əsl mənasında, idmanda çox böyük inkişaf oldu. Kimini işlə, kimini evlə təmin etdi, problemləri həll edərək idmana diqqət və qayğı göstərdi. Bizim borcumuzdur, bütün Azərbaycan xalqının borcudur ki, həm ölkəmizi, həm də idmançılarımızı tanıtsın. Bu vəzifə idmançıların üzərinə daha çox düşür. Çünki biz Azərbaycanın Dövlət bayrağını qaldırırıq. Hələlik Olimpiya oyunlarına lisenziya alan 12 nəfərdir, 6 nəfərə də birbaşa yer verilibdir, gələcəkdə daha 10-15 nəfər lisenziya alacaqdır. Olimpiya oyunlarında iştirak edib vətənə medal ilə qayıtmaq hamımızın böyük borcudur. 1996-cı ildə bizi xeyir-dua ilə yola saldınız. Ümid bəsləyirik ki, 2000-ci ildə bizi yenə də xeyir-duanızla yola salacaqsınız və sizin köməyinizlə biz, inşallah, vətənə medallarla qayıdacağıq. Sağ olun ki, bizi qəbul etdiniz.
Uşu-sanda üzrə dünya çempionu Canpolad Budaqov dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim edərək dedi:
- Cənab prezident, mən bu hədiyyəni Sizə federasiyamız adından təqdim edirəm. Gürcüstan prezidenti Eduard Şevardnadze çıxışlarının birində demişdir ki, XX əsr liderlər əsridir və Heydər Əliyev XX əsrin lideridir. Möhtərəm prezident, dünya siyasətində Sizə verilən bu böyük qiymət Sizin davamçılarınızda da, Sizə sadiq olan insanlarda da, şəxsən biz idmançılarda da çox böyük inam yaradır. Doğrudan da, liderlər əsrində Sizin rəhbərliyinizlə, Allahın köməkliyi ilə çalışacağıq ki, yeni-yeni uğurlarımızla, nailiyyətlərimizlə Sizi daha da sevindirək. Federasiyamız adından, öz adımdan və buradakı idmançılar adından Sizə cansağlığı arzu edirəm. Doğrudan da, yalnız Sizin timsalınızda Azərbaycan gözlədiyi uğurlu gələcəyinə çatacaqdır. Bu gün bayram təəssüratlarınızı bizimlə bölüşdüyünüz üçün də Sizə bir daha minnətdarlığımı bildirirəm. Allaha duaçıyıq ki, Sizin başınızdan bir tük də əskik olmasın. Sağ olun, cənab Prezident!
Ağır Atletika Federasiyasının vitse-prezidenti, bu növ üzrə yığma komandanın baş məşqçisi Vahid Nəzərov Azərbaycan Prezidentinə xatirə hədiyyəsi təqdim etdi və dedi:
- Cənab prezident, biz, ağır atletlər əminik ki, Sidney Olimpiya Oyunlarına gedəcəyik və öz uğurlu çıxışlarımızla Sizi sevindirəcəyik. Sizə uzun ömür, cansağlığı arzulayırıq.
Canpolad Budaqov: Cənab prezident, mən Borçalıdan təzə qayıtmışam. 1948-ci ildə Sizinlə işləmiş Bolnisi rayonunun Faxralı kəndində bir el ağsaqqalı çox xahiş edib ki, bu məktubu Sizə çatdırım. Mən özüm də Borçalıdanam.
Heydər Əliyev: Borçalıda necə yaşayırlar?
Canpolad Budaqov: Cənab prezident, Sizin köməyiniz sayəsində borçalıların yaşayış tərzi bəlkə də Azərbaycandakından yüksək səviyyədədir.
Heydər Əliyev: Mən borçalılar haqqında həmişə düşünmüşəm. Keçmişdə Azərbaycanın rəhbəri olarkən, həmişə onlara qayğı göstərmişəm, onların vəziyyəti haqqında Gürcüstanın rəhbərləri ilə daim danışıqlar aparmışam, onlara kömək etmişəm.
Mən bu sözü haradasa bir dəfə demişəm. Mən Moskvada vəzifədən kənarlaşdırılandan sonra mənim əleyhimə bəzi yerlərdə cürbəcür nalayiq sözlər yayırdılar. O vaxtlar mənim adımı qadağan etmişdilər. Amma Moskvada Borçalıdan gəlmiş bir adamla görüşdüm. O mənə dedi ki, Borçalıda hansı evə gedirsən - Sizin portretinizi divardan asıblar. Ona görə də mən borçalıları həmişə sevmişəm. Bu mənim borcum idi. Çünki Gürcüstanda 500 min azərbaycanlı yaşayır. Azərbaycanın o vaxt da rəhbəri olaraq, indi də prezidenti olaraq, bu mənim borcumdur, mən bunu etməliyəm. Ancaq borçalılar bunu qiymətləndirdiklərinə görə və məni o ağır illərdə unutmadıqlarına görə mənim onlara məhəbbətim daha da artır.
Bu günlərdə Moskvada prezident Şevardnadze ilə görüşdüm, onunla danışdım. Gürcüstan parlamentinə seçkilərdə keçmişdə də azərbaycanlı deputat seçilmişdi. İndi Gürcüstan parlamentinə 8 nəfər azərbaycanlı seçilibdir. Onların əksəriyyəti də Borçalıdandır. Mən ondan xahiş etmişəm və danışmışıq ki, deputatlıqdan əlavə, Gürcüstanda yaşayan azərbaycanlılardan icra orqanlarında vəzifələrə də daha çox götürsünlər. O da mənə söz vermişdir.
Canpolad Budaqov: Çox sağ olun, cənab prezident. Möhtərəm prezident, Borçalıda yaşayan əhalinin böyüyündən kiçiyinə qədər hamısı, yeri gələndə, Sizin uğrunuzda vuruşan bir əsgərə çevrilməyə hazırdır. Sizin siyasətdə atdığınız hər bir addımı çox diqqətlə izləyirik və alqışlayırıq.
Heydər Əliyev: Sağ olun. Hədiyyələrinizə görə minnətdaram. Məni bağışlayın, indi sizə hədiyyəm yoxdur. Amma güman edirəm ki, sizə dediyim bu sözlər və məsləhətlər sizin üçün müəyyən qədər hədiyyə ola bilər. Sağ olun.
Dövlətimizin başçısı Heydər Əliyev idmançılarla və məşqçilərlə xatirə şəkli çəkdirdi.

2 fevral 2000-ci il

Xəbər 3952 dəfə oxundu.