Roma güləşçisi Aleksandr Karelin Rövşən Bayramova qiymət verib
Əfsanəvi rusiyalı yunan-Roma güləşçisi Aleksandr Karelin London olimpiadasının gümüş medalını qazanan Rövşən Bayramova qiymət verib. 3 dəfə Olimpiya çempionu olan 45 yaşlı idmançı Azərbaycan yığmasının liderlərinin birinin uğurunu layiqli saymaqla yanaşı, onun 1/16 finalda məğlub etdiyi rusiyalı Minqiyan Semyonovun çıxışında çatışmazlıqlara toxunub.

Karelinin fikrincə, həmyerlisinin gənc, Bayramovun isə təcrübəli olmağı döyüşün taleyini həll edib: “Minqiyanın startda məğlubiyyəti çox üzücüdür. Axı o, Olimpiadaya neçə vaxtdır hazırlaşırdı. Minqiyan Pekin Olimpiadasının qalibi Nazir Mankiyevə qalib gələrək, ondan üstün olaraq, yığmada yer almışdı. Komandaya düşdü, gərgin hazırlaşaraq, Olimpiadaya gəldi. Belə çıxır ki, artıq ilk oyunda uduzmaq...Belə məğlubiyyəti qəbul etmək çox ağırdır. Sözsüz ki, onun azərbaycanlı rəqibi yaxşı və çox təcrübəli güləşçidir”.

9 dəfə Avropa, 12 dəfə dünya çempionu olan 45 yaşlı Karelinin sözlərinə görə, Semyonov Bayramovla döyüşdə fəallıq nümayiş etdirməyib və 2-ci hissədə hesabı bərabərləşdirmək imkanından yararlanmayıb: “Həmin vaxt parter vəziyyətində rəqibini tutan zamanı nə konsentrasiyası, nə də belə deyək ki, gücünü artırmaq yeri vardı. O, hətta bu vəziyyətdə özünü toparlaya da bilmədi, nəsə fikri dağınıq idi. Olimpiya həyəcanı onunla pis zarafat etdi”.

Qeyd edək ki, Semyonovun yığmadan sıxışdırıb çıxardığı Mankiyev 2008-ci ildə Pekin Olimpiadasının finalında məhz Bayramova qalib gələrək, çempion olmuşdu. Rövşən bu dəfə də finala kimi irəliləyərək, həlledici matçda iranlı həmkarına uduzdu.

Xəbər 1322 dəfə oxundu.