“Gelfand Challenge”: Günay Məmmədzadə turnir cədvəlində 3-cü yerə yüksəlib
Azərbaycan şahmatçısı Günay Məmmədzadənin də qatıldığı “Julius Baer Challengers Chess Tour” turnirinin “Gelfand Challenge” adlı ikinci mərhələsinin ilk 5 turunun oyunları keçirilib.

Şahmatçımız ilk qarşılaşmada Dinara Saduakasovaya (Qazaxıstan) məğlub olsa da, sonrakı görüşləri (Kristofer Yu (ABŞ), Dommaraj Qukeş (Hindistan), Olqa Badelka (Belarus) və Nurgül Səlimova (Bolqarıstan) 3 qələbə, 1 heç-heçə ilə başa vurub. Beş turdan 3,5 xal toplayan təmsilçimiz 3-4-cü yerləri bölüşür.

Turnirdə hər birində 10 şahmatçı olmaqla iki komanda mübarizə aparır. G.Məmmədzadə Yudit Polqarın kapitanı olduğu komandada yer alıb. Digər komandaya 14-cü dünya çempionu Vladimir Kramnik rəhbərlik edir.

Qeyd edək ki, beş turnirdən ibarət olan seriyanın ümumi mükafat fondu 100 min ABŞ dolları təşkil edir. Bundan əlavə, seriyanın hər turnirində qalib gələn şahmatçı Maqnus Karlsenin təşkil etdiyi və ümumi mükafat fondu 1 milyon 500 min dollar olan "Meltwater Champions" şahmat seriyasının növbəti turnirində iştirak etmək hüququnu qazanır.

“Julius Baer Challengers Chess Tour”un final mərhələsinin oyunları sentyabrın 9-13-də baş tutacaq.


Xəbər 395 dəfə oxundu.